AZ

Azərbaycanın 77 yaşlı opera müğənnisi: "Bütün arzularıma çatmışam"

BAKI, 17 iyun. TELEQRAF

"Doğum günümü çox sadə, evdə, ailəmlə, nəvəmlə birlikdə qeyd edəcəm".

Bunu Teleqraf-a 77 yaşını qeyd edən Xalq artisti, opera müğənnisi Fidan Qasımova deyib.

"Çox sayda təbrik mesajları gəldi, güllər hədiyyə edildi. Mədəniyyət naziri Adil Kərimli zəng edərək doğum günümü təbrik etdi”,- deyə sənətkar qeyd edib.

F.Qasımova bildirib ki, doğum günlərində əhvalı həmişə yüksək olur: “Ən böyük arzum nəvəmin toy mərasimini görməkdir. O, oğlumun qızıdır”.

Opera müğənnisi hazırda Bakı Musiqi Akademiyasında dərs dediyini də qeyd edib: “İndi tələbələrimlə işləyirəm. Sənətimlə bağlı bütün arzularıma çatmışam. Dünyanın ən tanınmış opera səhnələrində çıxış etmişəm”.

Qeyd edək ki, Fidan Qasımova 17 iyun 1947-ci ildə Bakıda anadan olub. Fidan və kiçik bacısı Xuraman Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. Bülbül adına musiqi məktəbini bitirdikdən sonra Fidan 1966-cı ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.

1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirdikdən sonra Bakıya qayıdıb, həmin vaxtdan M. F. Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Həmçinin Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə başlayıb.

Azərbaycanın və SSRİ-nin Xalq artisti fəxri adlarına layiq görülüb. Azərbaycan SSR Dövlət mükafatı laureatı olan F. Qasımova 1990-cı ildən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, 1992-ci ildən Türkiyənin İstanbul Dövlət Konservatoriyasının professorudur. Heydər Əliyev tərəfindən "Şöhrət" ordeninə, prezident İlham Əliyevin sərəncamı ilə isə "Şərəf" ordeninə və "İstiqlal" ordeninə layiq görülüb.

Seçilən
4
1
teleqraf.com

2Mənbələr