AZ

Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişafı tematik və klaster yanaşma ilə həyata keçirilir - Kənan Quluzadə

Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişafı üçün həm tematik, həm də klaster (regional) yanaşma tətbiq olunur.

Bunu Şahdağ Turizm Mərkəzində yay mövsümünün açılışı ilə bağlı keçirilən press-konfransda Finss.az-ın sualını cavablandıran Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, bölgədə mədəniyyət, muğam, Qarabağ xalçaları, tarix, kulinariya və digər istiqamətlər üzrə yeni turizm məhsulları hazırlanır:

“Şərqi Zəngəzurun bütün ərazilərində turizmin inkişafı nəzərdə tutulur. Bizim yanaşmamız ondan ibarətdir ki, hər bir bölgəyə onun spesifik xüsusiyyətlərinə uyğun tematik turizm məhsulları formalaşdırılsın. Bu, həm mədəni, həm sağlamlıq, həm də kulinariya turizmini əhatə edir”.

Ən çox potensial vəd edən bölgələr – Kəlbəcər, Şuşa və Laçın

Kənan Quluzadənin fikrincə, təbii resursları və şəraiti ilə Kəlbəcər bölgəsi xüsusilə seçilir:

"Burada İstisu, dağ çayları, meşəliklər və müalicəvi iqlim sağlamlıq turizmi üçün əlverişli imkanlar yaradır. Qış turizminin inkişafı üçün də ərazidə ilkin araşdırmalar aparılır.

Şuşa isə artıq beynəlxalq və regional tədbirlərin keçirildiyi mədəniyyət və turizm paytaxtına çevrilməkdədir. Burada festivallar, korporativ və beynəlxalq tədbirlər uğurla təşkil olunur və bu istiqamətdə fəaliyyət genişlənəcək.

Laçın bölgəsi isə təbii gözəllikləri və zəngin kulinariya potensialı ilə fərqlənir. Hesab edilir ki, Laçın MDB kulinariya xəritəsində əhəmiyyətli yer tuta və regionun mətbəxini təbliğ edən vacib məkanlardan birinə çevrilə bilər".

Tuğ kəndi və şərab turizmi

K.Quluzadə vurğulayıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə qoruq elan edilən Tuğ kəndi də diqqət mərkəzindədir. Burada tarixi abidələr, keramika ənənələri ilə yanaşı, şərabçılıq imkanları da inkişaf etdirilir:

"Bölgəyə xas üzüm sortları və xına toxumundan istifadə etməklə artıq şərab istehsalına başlanılıb və bu da turizmin bir hissəsi kimi təqdim edilir".

“Qara turizm” və Ağdamın gələcək rolu

Sədrin müşaviri onu da bildirib ki, azad olunmuş ərazilərdə “qara turizm”in inkişafı da planlaşdırılır:

"Yəni işğal dövrünün dağıntıları və izləri müəyyən hissələrdə qorunaraq açıq hava muzeylərinə çevriləcək. Məqsəd turistlərə müharibənin fəsadlarını göstərmək və tarixi yaddaş yaratmaqdır. Bu baxımdan Ağdam mühüm mərkəzlərdən biri olacaq. Burada beynəlxalq konfrans və tədbirlər üçün geniş infrastruktur yaradılacaq".

Ümumi yanaşma və gələcək planlar

K.Quluzadə qeyd edib ki, Qarabağda turizmin inkişafı təkcə Dövlət Turizm Agentliyinin deyil, bütün müvafiq qurumların və özəl sektorun iştirakı ilə mümkün olacaq:

"Bu sahəyə sənaye sektorunun marağı artmaqda davam edir və diaspor üzvləri ilə xarici turistlərin bölgəyə olan diqqəti gündən-günə yüksəlir.

İşğaldan azad edilmiş ərazilər turizm baxımından təkcə təbii deyil, həm də tarixi və mədəni cəhətdən zəngin resurslara malikdir. Məqsədimiz Qarabağı həm yerli, həm də xarici turistlər üçün regional turizm mərkəzinə çevirməkdir".

Fuad Mədətov
Finss.az

Seçilən
5
fins.az

1Mənbələr