Kulis.az Əli Çağlanın yeni yazısını təqdim edir.
Bir ömür boya-başa çatıb üstünü ayaqladığım torpağa baxıram. İndi onun nə qədər müqəddəs olduğunu daha yaxşı başa düşürəm. Önümdəki torpaq susmur. Çünki o susqun bir maddə deyil, min illərin yaddaşını sinəsində daşıyan canlı bir varlıqdır. Bəli, torpağın beyni də ürəyinin yanında, sinəsində yerləşibdir.Torpaq, əsrlərlə insanların ayaq səslərini, qılınc cingiltisini, anaların dua pıçıltılarını eşitmiş, min bir savaşdan, fəlakətdən sağ çıxmışdır. Amma indi göydən düşən hər bir raket, onun sinəsinə sancılan alov kimi bağrını yarır. Hər bir partlayışda sanki o torpağın üzərində canından, qanından keçən qəhrəmanlar bağırır. Səttarxan, atını yəhərləyib “Ac qalsaq torpaq yeyərik, amma torpaq vermərik!” deyib bağırır. Qana qarışmış torpaq cəbhədə tək-tənha düşüb yaralı qalmış əsgər kimi ağlamasa da, qəzəblidir. Vurulan hər zərbə onun yaddaşında yeni yara, yeni qisas izinə çevrilir. Torpaq hələ ölməyib, öz oğullarının qanı ilə daha diri, daha qəzəbli olubdur. Hər raketdən sonra səmanın rəngi dəyişilir, sanki torpağın ahı göyü yandırır, buludları silkələyir. Torpaq indi təkcə ana deyil, qəhrəmanlaşan bir yaddaş, ayağa qalxan bir ruhdur. Onu ruhsuz və səssiz sananlar bilmir ki, torpaq bir gün dil açıb böyütdüyü qəhrəmanları haqda danışacaqdır. Torpaq, bir gün Səməd Behrənginin, Firudin İbrahiminin, Siqatülislam Təbrizlinin və minlərcə azərbaycanlının haqsız ölümündən danışacaqdır.
Sevdiyim insandan ayrıldığımın beşinci ayını qeyd edirdim. O, məndən ayrılarkən, mənim dünyanın ən nəhs insanı olduğumu deyib getmişdi. Sanki bizim sevgili olmağımız bütün fəlakətlərə səbəb olurmuş!
Müharibədən bir gün öncə zəng elədim, bağışladı, görüşüb hər şeyi yenidən başlamağımızı istədi. Görüş günümüzün səhəri, gözümün qıpıqlarını açdıqda televizorda göydən raketlərin Təbrizə yağdırıldığını gördüm.
Əlimdə çiçək, müharibəni fikirləşərək Təbrizin Qarı Körpüsündə dayanıb ayağımın altından keçən maşınlara baxırdım. Şütüyən maşınların çoxunun şəhərdən qaçdığını hiss edirdim. Birdən-birə haradansa bir raket kükrəyib hava limanına düşdü. Türkiyənin məşhur müğənnisi Əhməd Qayanın sözləri dilimdə zümzümə olundu:
Şəhərlərə bombalar yağardı hər gecə,
Biz durmadan sevişirdik.
Bəzən, illər əvvəl yazılmış bir şeir, ya da uzaq vaxtda səslənən bir mahnı birdən-birə həyatın ortasında canlanır, ruhun ən dərinliyinə sızır. Zamanın səs-küyündə unudulmuş sözlər, unutduğumuz melodiyalar qəfil gələcəyin yükünü daşıyır, sanki öncədən bizə xəbər verir.
Əhməd Qayanın “Kum gibi” adlı mahnısı da elə bir ahənglə, o gün -müharibənin birinci günü təkrar-təkrar səsləndi və mən səslənən hər notun arxasında göydən yağacaq bombalarda soyuq və ölümcül təhdidinin gizləndiyi heç ağlıma sığmırdı. Mahnının sözləri qulaqlarımda əks-səda verirdi, ürəyimi raketlər kimi silkələyirdi. Təkcə sevgi hər şeyin önündə dayanırdı, bütün stressləri məhv edə bilirdi. Raketlər, göydən gurultu ilə düşürdü, torpağı, insanları qırırdı.
Raketlərin göydən düşdüyü zaman çoxsaylı insanlar nə şeirə, nə mahnıya fikirləşə bilərlər deyə düşünürəm. Amma məncə bu anlarda sevdiyimiz mahnıları zümzümə etməliyik, bəyəndiyimiz şeirləri xatırlamalıyıq, gülüşümüzün səbəbkarı olan insanların gözlərinə doyunca baxmalıyıq. Bəlkə anidən gözlərimizin önündə hər şey partladı, bəlkə anidə həyat bir qaranlıq çuxura düşdü, bəlkə anidən sevdiklərimizi itirdik?!
Müharibənin ikinci günü hər şey dəyişildi, insanlar daha mehribanlaşdılar. İsrail tərəfindən yağdırılan raketlərin cavabı verilsə də, insanların ürəyi sülh məqsədi ilə döyünürdü. Axı təkcə, iki tərəfin milləti pis günə qalacaqdı!
Çörək almaq üçün bayıra çıxdım. Qidanın məhdud olunduğu dildən-dilə dolaşırdı, hamı müharibənin şiddətlənəcəyini düşünürdü, stress getdikcə artırdı. Amma bəzi insanlar da göydə uçan raketlərə alışmışdılar, sanki raket deyil, quşların uçuşunu seyr edirdilər. Çörək almaq üçün izdihamlı növbədə dayandım. Bir qadın isə məndən qabaqda, növbədə dayanmışdı. Amma, əslində, məndən qabaqda üç növbə də var idi. Yəni qadın üç nəfərlik çörək alacaq deyə üç növbəni rezervasiya etmişdi; biri nəvəsi, biri özü, biri də kəlağayısı idi. Rəngarəng kəlağayını çörəkxananın dəmir qapısından sallamışdı ki, sabahdan çörək əldə edə bilməsə bu gün aldığı çörəklərə su vursun, yumşaldıb yesinlər. Amma o qadın, müharibənin yalnız insanın raketdən qaçmaqdan başqa heç nə olmadığını dərindən anlayırdı. Yaşlı qadın idi. Bəlkə də bundan öncə İran-İraq müharibəsini görmüşdü.
Raketlər göydə rəqs edərkən qaçmaq, gizlənmək, sağ qalmaqdan başqa heç bir fikir insanın ağlına sığmır. Qorxu o qədər güclüdür ki, ümidlər ölür, zaman dayanır, sadəcə özün və özünün sevdikləri gözünün önünə gəlir. Raketlər partladıqca, göyə qalxan tüstünün içində insanın ən çox sevdiyi adamların siluetləri görünür. Sanki o tüstü bir rəsm kimi onları çəkir. Sanki raketi şəhərə göndərən diktatorlar rəssamdırlar. Bunun heç bir əks cəhəti yoxdur, sadəcə iki tərəfin də xalqına ən böyük zülm olunur və sonunda bir dövlət qalib, bir dövlət məğlub olur. Partlayışda qalxan o tüstülər, bir anda gülümsəyən ana, gözlərində qorxunu daşıyan bacı, ürəyində nəhs adlandırdığı sevgini yaşayan sevgili, hələ adını belə bilmədiyi, dil açmamış körpə uşaqlar olur. Partlayışın tüstüsü yalnız yanıq qoxusu ilə deyil, insanların yoxluğunu xatırladan bir harayla havaya yayılır. Hər tüstü topası bir üz olur, bir nəfəs olur. İnsan, o an müharibədə təkcə torpaqların yandığını deyil, o torpaq üzərində cani-könüldən döyüşən babalarının səsinin də, nəriltisinin də, o torpaqda yaşadığı xatirələrin də külə döndüyünü anlayır.
Dünən şəhərdə harasa raket düşəndə, küçədəki insanlar o raketin düşdüyü yerə yığışmışdılar. Bir sürücü, tıxacda qalmasın deyə küçəni siqnal səsi ilə ağzına almışdı, raketlərin partlayış səsindən çox, onun siqnalının cingiltili səsi adamı dəli eləyirdi. Sonra başını avtomobilin pəncərəsindən çıxardıb “Yolu açın, yolu açın ay camaat” deyib bağırdı. Göydə raketləri seyr edən biri isə qayıtdı ki, “Qardaş, görmürsən vururlar? Bir dəqiqə sancılanma, altı aylıq deyilsən ki?!” dedi. Avtomobildəki isə daha əsəbiləşib “Müharibədə noxud-kişmiş paylamazlar ki, raket vurarlar da, çəkilin mən işimə getməliyəm” deyib yenə siqnal səsini yüksəltdi. Bəli, çoxuna bu raketlərin iki hakimin bilərəkdən gördüyü siyasi manevr olduğu nəzərə gəlib gülsələr də, bu bir həqiqi müharibə idi və müharibədə isə noxud-kişmiş paylamırdılar.
İnternet şəbəkələri kəsilsəydi də, zorla-xoşla qoşulub Quzeydəki dostları nigarançılıqdan qurtarmaq üçün zəng eləyib halımı soruşanlar üçün salamatlıq xəbəri verdim. Qarşıma çıxan bir video, daha çox məni incitdi. Bakıda İsrailin bayrağını götürüb şənlik edənləri görürdüm, İsraili müdafiə edənlərin yazılarını oxuyurdum. Bu, mənim üçün daha kövrəklik yaratdı. Axı hakimlərin siyasi işlərini insani şüurumuza qatmasaq, yadımıza sərhədin Təbriz və onun ətrafında yaşayan 40 milyon Azərbaycanlısının Qarabağın zəfərində və savaşında göstərdiyi qayğısını xatırlayarıq. Yerdən qalxan hər bir dron, Arazın bu tərəfində nə qədər insanları, Qarabağın zəfəri üçün sevindirirdi?! Nə qədər Güneyli şairlər Qarabağa şeir yazdılar və biz onları antologiya kimi Bakıda çap etdik?! İsrailin bayrağını götürənlər bu 40 milyon bacı-qardaşlarının indi nə vəziyyətdə olduğunu görmürlərmi? Yoxsa görüb sevinərək, Təbrizə hər bir raket düşəndə lətifə yazmağı düşünürlər?
Əziz Quzeyli soydaşlarım, Təbrizə düşən hər bir raketin tüstüsünün siluetində öz doğma qardaş, bacı, analarınızın üzünü vizuallaşdırsanız hər şeyi daha dərindən başa düşərsiniz.
Müharibədə ölməsəm, növbəti görüşümüzdə sevgilimə rəngarəng kəlağayı alıb hədiyyə edəcəyəm. Axı biz, evlənə bilmədik, növbədə dayanacaq uşağımız olmadı?! Barı çörək almaq üçün həmin kəlağayımızı da çörəkxananın dəmir qapısından sallayaq, kişilər o kəlağayının ehtiramına etiraz etməzlər, çoxlu çörək alarıq, sabah acından ölmərik!..