Bakı, 17 iyun, AZƏRTAC
“Apache” helikopterlərinin ilk partiyası ABŞ-dan Polşaya çatdırılıb.
AZƏRTAC xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bunu jurnalistlərlə görüşündə deyib.
Nazirin sözlərinə görə, İnovroslav şəhəri yaxınlığında yerləşən aviabazada dislokasiya olunacaq helikopterlər ilk növbədə təlim məqsədilə istifadə ediləcək. Burada ABŞ-dan lizinq şərtləri ilə alınan səkkiz helikopterdən söhbət gedir.
“Hazırda istehsal mərhələsində olan ilk helikopterlər bizə 2028-ci ildə təhvil veriləcək. Biz vaxt itirmək istəmədiyimiz üçün lizinq şərtləri ilə bir qədər köhnə versiyalı səkkiz ədəd “Apache” almaq qərarına gəldik”, - deyə Kosinyak-Kamış bildirib.
Polşa 2024-cü il avqustun 13-də 96 ədəd “AH-64E Apache” helikopterinin tədarükü, logistika və təlim xidmətləri paketi ilə bağlı ABŞ-la müqavilə imzalayıb. Əlavə lizinq müqaviləsinə əsasən alınan səkkiz “AH-64D Apache” helikopteri Polşa Silahlı Qüvvələri tərəfindən təlim üçün istifadə olunacaq.