Dünən axşamdan etibarən Bakıda və Abşeroan rayonunun bir sıra ərazilərində su çatışmazlığı yaşanır.
Milli.Az xəbər verir ki, paytaxtın Nəsimi, Səbail, Yasamal, Nərimanov, Binəqədi rayonlarında, Abşeron rayonunda, xüsusən Xırdalan şəhərində suyun verilməsi qrafiklə həyata keçirilir. Bu da öz növbəsində sakinlər üçün ciddi problemlər yaradır. Havaların isti olması və sakinlərin əlavə su çənlərinin olmaması da vəziyyəti daha da çətinləşdirir.
Bəs Oğuz-Qəbələ-Bakı su kəmərində niyə qəza baş verib?
Hidrovlik gərginliklər və mexaniki təsirlər səbəbindən boru zədələnə bilir. Qəza müddətinin uzanmasının əsas səbəbi isə borudakı suyun boşaldılması və yenidən doldurulmasıdır. Məhz bu prosesə görə qəzanın aradan qaldırılması bir neçə gün çəkir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sözçüsü Ceyhun Musaoğlu Milli.Az-a açıqlamasında bildirib ki, qəza müxtəlif səbəblərdən baş verə bilər.
"İçməli su təminatında fasilə yaranan ərazilərin qrafikdən kənar içməli su ilə təminatı üçün işlər görülür".
Xatırladaq ki, ötən ilin avqustunda da Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş vermişdi. Paytaxt sakinləri bir neçə gün susuz qalmışdı.
Mehman Əsədov
Milli.Az