İsrail ordusu İranın qərbinə yeni hava zərbələri endirib.
Operativ Media xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.
Telekanalın yaydığı xəbərdə qeyd olunub ki, İsrail ordusundan adının açıqlanmasını istəməyən hərbi vəzifəli şəxs İranın qərbinə qarşı yeni hava hücumlarının başladıldığını bildirib.
İsrail ordusu isə sözügedən hücumla bağlı hələlik rəsmi açıqlama verməyib.
İsrail 13 iyun tarixində İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektləri başda olmaqla, ordunun yüksək komandanlıq heyətini də hədəf alan genişmiqyaslı hücumlar həyata keçirib.
Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, "Sepah"ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) baş komandanı, bir sıra yüksək rütbəli zabitlər və 9 nüvə alimi həyatını itirib. Ümumilikdə, mülki şəxslər arasında 224 nəfərin həlak olduğu açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab zərbəsi nəticəsində 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb.