AZ

UFC-nin ən yaxşı döyüşçüsü İslam Maxaçev: “Bakı UFC-nin turnirlərini keçirməyə çoxdan layiqdir”

“Bakı UFC-nin turnirlərini keçirməyə çoxdan layiqdir”.

İdman.biz xəbər verir ki, bu sözləri məşhur UFC çempionu İslam Maxaçev Haqqin.az-a açıqlamasında deyib.

Hazırda UFC-də çəki dərəcəsindən asılı olmayaraq, dünyanın ən güclü döyüşçüsü sayılan rusiyalı idmançı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatının qarşılaşmalarını izləyənlər arasında olub.

Maxaçev iyunun 21-də keçiriləcək UFC turniri ilə bağlı tezliklə ölkəmizə gələcəyini deyib: “İyunun 19-da Bakıya gələcəyəm. Mən və Həbib Nurməhəmmədov komanda yoldaşımız Tagir Ulanbekova dəstək üçün onun yanında olacağıq. Ümid edirəm ki, o qalib gələcək.

UFC turnirinin Bakıda keçiriləcəyinə çox sevinirəm. Azərbaycan paytaxtı çox gözəl və yaxşı şəhərdir. Bakı artıq çoxdan UFC döyüşlərini, o cümlədən nömrələnmiş turnirləri keçirməyə layiqdir. Ümid edirəm ki, gələcəkdə Bakıda nömrələnmiş turnirlər də baş tutacaq. Bu halda bizim üçün Azərbaycana gəlib orada döyüşmək daha rahat olar”.

Xatırladaq ki, Bakıda hələlik aralıq UFC turniri – "UFC Fight Night" keçiriləcək. Nömrələnmiş turnirlərlə "Fight Night" arasındakı əsas fərq onların səviyyəsi və miqyasındadır. Nömrələnmiş turnirlər UFC-nin əsas tədbirləridir, burada müxtəlif çəki dərəcələrində ən məşhur döyüşçülər və çempionlar iştirak edir. Bu tədbirlər ayda bir dəfə təşkil olunur. "UFC Fight Night" isə daha kiçik miqyaslı turnirlərdir və adətən nömrələnmiş yarışlar arasında keçirilir.

Qeyd edək ki, İslam Maxaçev son döyüşünü bu ilin yanvarında braziliyalı Renato Moykano ilə keçirib və qələbə qazanıb. Qarışıq döyüş növlərində (MMA) dağstanlı döyüşçünün hesabında 27 qələbə (bunlardan 16-sı UFC-də) və cəmi 1 məğlubiyyət var – onu da demək olar ki, 10 il əvvəl - 2015-ci ildə alıb. Maxaçev yüngül çəkidə UFC çempionluğundan imtina edərək yarımorta çəkiyə (77 kq) keçib.

İdman.biz

Məqalədə:
Seçilən
1
1
idman.biz

2Mənbələr