İsrail və İran arasında artıq üç gündür ki, davam edən hərbi qarşıdurma Yaxın Şərqdəki ən dərin və təhlükəli münaqişələrdən birinə çevrilib. Başlanğıcda lokal xarakter daşıyan zərbələr indi regionun geosiyasi mənzərəsini tamamilə dəyişə biləcək səviyyəyə çatıb. Analitiklərin fikrincə, bu toqquşma sadəcə iki düşmən dövlətin qarşıdurması deyil, qlobal güc mərkəzlərinin toqquşduğu strateji bir meydandır.
Politoloqlar xəbərdarlıq edir: əgər diplomatik təşəbbüslər uğursuz olarsa, İsrail–İran savaşı regional çərçivəni aşaraq beynəlxalq bir müharibəyə, bəzilərinin artıq adlandırdığı kimi “III Dünya müharibəsi” ssenarisinə çevrilə bilər.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb.
Politoloq qeyd edib ki, İran–İsrail müharibəsinin beynəlxalq güc mərkəzlərinin qarşıdurmasına çevrilməsi və ya bunun III Dünya müharibəsinə gətirib çıxarması üçün ilk növbədə hər iki tərəfi dəstəkləyən ölkələrin real şəkildə bu müharibəyə qoşulması lazımdır:
“Nəzərə alaq ki, İran Çin tərəfindən, nisbətən isə Rusiya tərəfindən dəstəklənir. Hələ ki, Moskva rəsmi və tam şəkildə dəstəyini bildirməyib, amma müəyyən qədər Rusiya və xüsusilə də bir çox İslam ölkəsi tərəfindən siyasi və diplomatik dəstək alır.
Digər tərəfdən, İsrail ABŞ və Qərb ölkələri tərəfindən açıq şəkildə dəstəklənir. Yəni burada genişmiqyaslı koalisiyanın formalaşması üçün həmin dövlətlərin birbaşa müharibəyə girməsi lazımdır.
Doğrudur, ABŞ-da Trampa təzyiqlər var ki, İsraili müdafiə etmək üçün ABŞ hərbi əməliyyatlara qoşulsun. Donald Trampın dünən gecə G7 sammitini yarımçıq tərk edərək qəfildən Vaşinqtona dönməsi, Təhlükəsizlik Şurasının iclasını keçirməsi və İsraillə bağlı dəstək bəyanatları verməsi, eyni zamanda ABŞ səfirliyinin vətəndaşları Tehrandan çıxmağa çağırması Vaşinqtonun da İrana qarşı hərbi-siyasi proseslərə başlamağa hazırlaşdığını göstərir.
Lakin nəzərə almaq lazımdır ki, Pentaqondakı generallar Trampın diqqətinə çatdırıblar: ABŞ-ın İrana qarşı birbaşa müharibəyə başlaması bölgədəki əsas müttəfiqləri – Körfəz ölkələrini ciddi təhlükə altına sala bilər. Çünki ABŞ İrana zərbələri, böyük ehtimalla, Körfəz bölgəsində yerləşən bazalardan endirəcək. İran isə bəyan edib ki, özünə qarşı istənilən hücum hansı ölkədən həyata keçirilərsə, həmin ölkə legitim hədəfə çevriləcək. Yəni bu halda İran tərəfindən Körfəz ölkələrinə qarşı zərbələr endirilməsi ehtimalı güclüdür. Bu isə dünya bazarlarında neft qiymətlərinin kəskin artmasına, enerji böhranına və qlobal iqtisadi təlatümə səbəb ola bilər.
Eyni zamanda digər ölkələrin də bu prosesə qoşulmaq ehtimalı var. Məsələn, Çin İranı dəstəkləmək üçün müəyyən addımlar ata bilər. Son günlərdə Çindən Pakistan vasitəsilə İrana hərbi təchizat göndərilməsi ilə bağlı xəbərlər dolaşır. Bu da ehtimal yaradır ki, Çin İrana logistika və silah dəstəyi verir.
Əgər ABŞ İsraili dəstəkləmək üçün birbaşa müharibəyə girərsə, Çin də İranı müdafiə etmək üçün ABŞ-la qarşı-qarşıya gəlmək riskini nəzərə alacaq. Bu isə artıq sadəcə regional münaqişə deyil, qlobal güclərin toqquşmasına və III Dünya müharibəsinə səbəb ola biləcək gərginliyin başlanğıcı deməkdir”.
Xalidə Gəray
Musavat.com