AZ

Çaylarda təhlükəli həddə TFA aşkar edildi

İnsan çoxalmasına təsir etdiyi düşünülən və “sonsuz kimyəvi” adlanan trifloresan turşusu (TFA) İngiltərədəki çaylarda geniş şəkildə tapılıb.

York Universitetindən ətraf mühit üzrə alim professor Alistayr Boksallın rəhbərlik etdiyi tədqiqatda İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyanın 32 çayından götürülmüş su nümunələri araşdırılıb. Bu nümunələrdən 31-də triflüoresan turşusu (TFA) aşkar edilib.

Min ildən çox parçalanmadan qala bilən süni kimyəvi maddələr olan TFA-lar pestisidlər, soyuducu maddələr, təmizləyici məhsullar, şəxsi qulluq məhsulları və bəzi qida məhsulları kimi geniş çeşiddə məhsullarda istifadə olunur. Tədqiqatçılar TFA-ların məhsuldarlığa mənfi təsir göstərdiyini və inkişaf edən körpələr üçün risk yaratdığını və maddənin reproduktiv toksikant kimi təsnif edilməli olduğunu iddia edirlər.

***

Tədqiqat çərçivəsində Uelsdə 5, Şimali İrlandiyada 3, Şotlandiyada 13 və İngiltərənin şimalında 11 çaydan su nümunələri toplanıb. Nümunələrin 98 faizində TFA izləri aşkar edilib. Ən yüksək TFA səviyyəsi Qlazqodakı Kelvin çayında litr üçün 78,464 nanoqramla ölçülüb. Bu nisbət dünyada qeydə alınmış ikinci ən yüksək TFA çirklənməsidir. TFA-nın tapılmadığı yeganə çay Loç Nessdən Moray Firtə axan Ness çayı olub.

Professor Boksall BBC-yə, “Bu molekul hər yerdə var. Biz hamımız hər gün tərkibində TFA olan su içirik. Əsl problem odur ki, bu aşağı dozaya məruz qalma ömür boyu davam edir”.

***

TFA Avropada da həyəcan təbili çalır. Son illərdə TFA şərab, qida və insan qanında aşkar edilir. Almaniyada içməli suda TFA-nın səviyyəsi son 20 ildə dörd dəfə artıb. 2016-cı ildə Nekar çayında ölçülən litr başına 140.000 nanoqramla dünya rekordu qırıb. Alman səlahiyyətliləri TFA-nı ətraf mühitə zərərli və çoxalma üçün zəhərli kimi təsnif etmək üçün Avropa Kimya Agentliyinə müraciət edib. Təsdiq edilərsə, tərkibində TFA olan məhsullar üçün yeni qaydalar tətbiq oluna bilər.

Tədqiqatı maliyyələşdirən ətraf mühit təşkilatı Fidra görə, İngiltərənin səth sularında TFA-nın geniş şəkildə aşkarlanması PFAS ilə çirklənmənin dərəcəsini vurğulayır.

Tədqiqatçılar bu çirklənmənin səbəblərini təcili təhlil etməyə və mənbələri aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görməyə çağırırlar.

Seçilən
5
vaxt.az

1Mənbələr