AZ

Ali lider aradan götürülərsə, İranı nə gözləyir?

İsrail Baş naziri Benyamin Netanyahu İranın ali dini lideri Əli Xameneinin sui-qəsdlə aradan götürülməsini istisna etmir.
O bildirib ki, bu addım münaqişəni alovlandırmaz, əksinə, sakitləşdirər: 
“Problemin əsas səbəbi Ayətullah rejimidir”.
Xamenei öldürülərsə, nə baş verə bilər? Dini lider öldürülərsə,  1979-cu ildə qurulan rejim suqut edəcək? İsrail buna nail ola bilərmi? 
Bu barədə danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Moderator.az-a açıqlamasında bildirib ki, İranın strateji vəzifə tutan generallarının öldürülməsi o anlama gəlir ki, Xameneinin öldürülməsi perspektivi istisna edilməməlidir: “Təbii ki, generalların öldürülməsindən sonra Xameneinin təhlükəsizlik tədbirləri gücləndirilib və ona qarşı sui-qəsdin təşkil olunması çox çətindir. Amma İsrailin İran üzərində kəşfiyyat üstünlüyü bunun mümkünlüyü barədə fikirləri qüvvətləndirir. İlkin olaraq bilmək lazımdır ki, Xameneinin öldürülməsi ABŞ-ın maraqlarına cavab verirmi?
Təbii, İran tarixi dövlətçilik ənənələrinə malik ölkədir və bu da o deməkdir ki, Xameneinin öldürüləcəyi halda dövlətin idarəçiliyi ilə bağlı İranın “B” planı olmamış deyil.
Amma istənilən halda Xamenei İran dövlətinin bir nömrəli şəxsidir və onun öldürülməsi ciddi problemlərə, xaosa yol aça bilər. Bu isə idarəolunması mümkün olmayan xaos anlamına gəlir. ABŞ heç bir halda proseslərin onun nəzarətindən çıxmasını və əks-effekt verməsini istəməz. Bu baxımdan düşünmürəm ki, Xameneinin öldürülməsi ABŞ-nin planları daxilində olsun”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, hələ ki, İran İsrailin qarşısında tab gətirə bilir və cavab zərbələri endirməyə çalışır:
“Hərbi ekspertlər İranın minimum 4 min raketə sahib olduğunu bildirirlər. Təbii ki, bu say  4-5 dəfə artıq da ola bilər. Bu da o deməkdir ki, hücumlar bu tempdə davam edərsə, o zaman İranın ən azı bir ay davam gətirmək potensialı var. Bir ay müddətində isə vəziyyət dəyişə, müharibə genişlənə bilər. Ümumiyyətlə, 2-3 gün ərzində rejimin çökəcəyi ilə bağlı birmənalı fikir bildirmək doğru deyil”.
 
Mehin Mehmanqızı
 
Seçilən
5
moderator.az

1Mənbələr