AZ

Tarixin labirintlərində itmək Türkan Turan yazır

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkan TURAN

Klassik tərzin ən zərif incisi

Yüz illik ömrünün tən yarısında memarlığa başladı Memar Sinan. Ömrünün digər yarısında Osmanlı İmperatorluğunun baş memarı oldu. Sadəcə dahiliyə nərdivan söykədiyi zaman deyil, karyerasının başlanğıcı sayılan ilk illərdə belə dünya durduqca var olacaq əsərlər yaratdı. Özü də yaşadığı həyatı araşdıranda görürsən ki, Yer üzünün ən təvazökar insanlarından biri olub. Bu alçaq könüllülüyə yaxınlarda şəxsən şahid oldum. Vəfa səmtinin ara küçələrində qulağımda telefonla danışa-danışa yeriyirdim. Sanki bir anlıq ayaqlarım tutuldu, gözlərim heyrətdən genişləndi, ağzım açıq qaldı. Hasarın üstündən boylandım. "Mən bu abidəni daha əvvəl necə görməmişəm" deyə, deyinməyə başladım. Açıq deyim ki, nəinki görmək, heç adını da bilmirdim. Yol kənarına yığılan bir qrup polisdən haqqında soruşdum, "Şahzadə Məscididir" dedilər. Sən demə, Sinanın "bu benim çıraklık eserim" dediyi abidə bura imiş. Özlüyümdə düşünürəm, belə bir şah əsər necə şəyirdlik işi ola bilər? Bəlkə Sinanla bağlı bu cümlələr pafoslu sayıla bilər. Amma yaratdığı hər əsəri gördükdən sonra sətir-sətir yazılan cümlələrin Sinanın istedadı qarşısında nə qədər aciz qaldığına əmin olursan. Şahzadə məscidi eyni zamanda Şahzadə Mehmet Məscidi olaraq da tanınır.

Abidə Sultan Suleymanla Hürrəm Sultanın dünyaya gələn ilk oğlunun adını daşıyır. Məscid 22 yaşında vəfat edən Şahzadə Mehmetin xatirəsini əbədiləşdirmək üçün atası tərəfindən inşa edilib. Arxasında isə Sultan Süleymanın öz adına olan Süleymaniyyə məscidi ucalır. Baxanda adama elə gəlir ki, Qanuni bununla "arxandayam oğul" mesajı verir.

Memarlıqda inqilab

Mehmetin kədərli hekayəsindən bəhs edəcəm, indi gələk bu əsrarəngiz abidənin memarlıq üslubuna. Burada istifadə edilən texnika digər məscidlərin heç birində yoxdur. Məsələn, Osmanlı memarlığınadakı yarımqübbə anlayışı burada sıfırlanıb. Əslində abidəni ilk dəfə ərsəyə gətirilən dörd yarım qübbəli məscid örnəyi kimi də təqdim etmək olar. Dörd bucaqlı plan üzərində tikilən ibadətgahın üstü kürə şəklindədir, onun da üstündə böyük qübbə mövcuddur. Yanlarında isə dörd yarım qübbə var. Qübbələr dörd dənə böyük fil ayağının üstündə oturacaq şəkildə inşa edilib. Məscidin dizaynı sadə və bəzəkli olmaqla iki yerə bölünür. Abidənin atriumunda qarşımıza 6 qapı çıxır. Fərqli naxış və işləmələrdən istifadə edilən iki minarə ibadətgahı daha da görkəmli göstərir.

Abidənin ümumi planı kvadrat içində xaçvari forma sayılır. Bu, Osmanlının o dövrləri üçün ciddi yenilikdir. Məsələn, həmin dönəmlərdə Osmanlı abidələrində düz divarlardan istifadə edilirdi. Ancaq Sinan burada bir ilkə imza ataraq üst örtüyü sütunlara söykənən portik tərzindən istifadə edib.

Forum Tauridə buğa işgəncəsi

Bir türbə ilə başlayan məscid dörd il ərzində mədrəsə, imarət, sibyan məktəbi, karvansarayı olan nəhəng külliyyəyə çevrilir. Məsciddə istifadə edilən daşların çoxu Forum Tauridən gətirilib. Tauri Bəyazid meydanının Qədim Roma dönəmindəki adıdır. O vaxt burada heykəllər, abidələr varmış. Həmin daşlar oradan sökülüb gətirilərək bu məscid tikilir. Hətta həmin dönəm Tauridə bürüncdən buğa heykəli varmış. Məhkumlar həmin heykəlin içinə atılırmış. Heykəlin altında ocaq qalanırmış. Dəmir qızındıqca içindəki məhkum yanıb, qovrulurmuş. Buğanın ağzındakı xüsusi borudan, yanan məhkumun qışqırıq, fəryad səsləri yüksələrək buğa kükrəməsinin səsi kimi bütün Forum Tauriyə yayılırmış. İllər sonra Teodasis hakimiyyətə gəlir və öz şərəfinə nəhəng burma ucaldır, üzərinə də öz heykəlinin qoyulmasını əmr edir. Əsrlər sonra da həmin abidələrin hamısı sökülür və daşları Şahzadə məscidində istifadə edilir. Başqasının tarixini söküb, öz tarixini yaratmaq da insana bir az qəribə gəlir.

Yarısı baxımlı, yarısı baxımsız

Mədrəsənin qarşısındakı məlumat kitabəsindən anlayırıq ki, bura 1546-cı ildə tamamlanıb. Qapalı dərsxanaların arasına yerləşdirilmiş iyirmi otaqlı asimetrik planlı qurğusu olan abidənin dizaynı məscidlə eynidir desək, yanılmarıq. Uzun müddət qız yurdu kimi fəaliyyət göstərən bu yer son restavrasiya işlərindən sonra kafe kimi fəaliyyət göstərməyi üçün kirayə verilib. Karvansarayda erkən dönəmin memarlıq tərzini görə bilərik. Uzun müddət Vəfa Liseyinə laboratoriyası kimi fəaliyyət göstərən yer bu gün boş və baxımsız vəziyyətdədir. İmarət və sibyan məktəbi eyni atriumun içindədir. Bura altı qübbəli mətbəxt, yeməkxana, anbar, tualetlərdən ibarətdir. Uzun müddət İstanbul universitetinin mətbəəsinə ev sahibliyi edib. Hazırda vəqflərdən birinin mərkəzidir.

Şahzadə Cahangir, Rüstəm Paşa və başqaları...

Türbələrə gəldikdə isə insan içərisinə daxil olanda çıxmaq istəmir. Sultan Süleymanın türbəsi belə məni Şahzadə Mehmetin türbəsindəki memarlıq qədər məftun etməmişdi. Qübbəsiylə, fasadındakı rəngli daşları ilə. Pəncərələrindəki işçilik İran, Orta Asiya memarlığına bənzəyir. Abidənin içərisi başdan aşağı çinilərlə işlənib. Beş metr yaxınlığında olan və 1555-ci ildə inşa edilən Rüstəm Paşa Türbəsi də eyni tərzdə, lakin daha sadə şəkildə tikilib. Şahzadə Mehmetin türbəsində özü ilə birlikdə üç sarkofaq var. Əslində sol tərəfində qardaşı Şahzadə Cahangirin yatdığını görmək gözlənilməz oldu. Açığı, onun məzarının harada olduğu ilə heç maraqlanmamışdım. Soldakı sarkofaqda isə Şahzadə Mehmetin yeganə övladı olan Hümaşah Sultanın qəbri var. Hümaşah Mehmetin ölümündən sonra Manisadan Topqapı Sarayına gətirilir və nənəsi Hürrəm Sultanın himayəsində böyüyür.

Bosniyalı Damad İbrahim Paşanın türbəsi də buradadır. Abidəni paşanın xanımı Ayşə Sultan 1600-cü illərdə memarbaşı olan Dalqıc Əhməd Çavuşa inşa etdirib. Baxan kimi görünür ki, dizayn və memarlıq üslubu Şahzadə Mehmet türbəsindən götürülüb.

Təzadlar

İki türbənin arasındakı altıguşəli türbə, III Mehmedin üsyan edib onun taxtına keçəcəyi şübhəsinə qapılaraq edam etdirdiyi oğlu Şahzadə Mahmuda aiddir. Ardınca anası da xidmətçilər ilə birlikdə dənizə atdırılmışdı. İndi gəl bu vəziyyəti sorğulama! Taxt-tac üçün övladını öldürüb, sonra da ona bu cür dəbdəbəli türbə inşa etdirib, orada basdırmaq fikri hansı tərəfdən baxsan, anormal görünür. Şahzadəni öldürdən bilirsiniz kimdir? Aralarında ağzından süd axdığı körpələr də daxil olmaqla 19 qardaşını bir gecədə boğduran Sultan III Mehmetdir. O da torpaq oldu, oğlu da, qardaşları, nəvələri də, nəticələri, ondan öncəkilər də, ondan sonrakılar da, bir gün bizim də torpağa qarışacağımız kimi ölüb getdilər. Geriyə nə qaldı? 19 qardaşın, südəmər körpələrin bir gecədə qətl fərmanını verən, yeri gələndə oğluna da qıyan "qatil padşah" kəlməsi! O gün saraydan 19 tabut çıxmışdı. İstanbullular bu hadisədən dəhşətə gəlmişdilər. 8 il taxtda oturmaq üçün bu qədər vəhşiliyə gərək vardı? Həmin körpələrin məzarını görmək üçün iki həftə əvvəl Aya Sofyaya getdim, təəssüf ki, restevrasiya üçün qapadılıb, açılma tarixi bəlli deyil. Sətirləri yazarkən, Yunus Əmrənin o möhtəşəm misraları gəldim ağlıma. Deyir ki,

"Mal sahibi, mülk sahibi,

Hanı bunun ilk sahibi?

Mal da yalan, mülk də yalan

Var bir az da sən oyalan".

Nə taxt, nə tac... hamısı heç nədir, nəhəng bir heç nə! Bircə ciddi iş var, o da yaşamaqdır!

Qeyd edim ki, Türbələrin arxasında şeyxülislam, qapıçılar katibi, kalfalar kimi xanədandan olan və sarayda müxtəlif işlərdə işləyən digər şəxslərin məzarları mövcuddur.

Gələk Sultan Süleymana...

Şahzadə Mehmet 22 yaşında Manisa Sarayında canını tapşırır. Bəzi qaynaqlar çiçək xəstəliyindən öldüyünü deyir, bəziləri əcəli ilə vəfat etdiyini yazır. Bununla bağlı dəqiq nəsə demək çətindir. Bircə dəqiq olan odur ki, oğlunun ölüm xəbərini alan Sultan Süleyman Ədirnədə imiş. Qara xəbərin arxasınca elə gedir ki, bir həftəlik yolu iki gündə qət edir. Həmin iki gündə gözünün yaşı qurumur. Dəfn edildikdən sonra 40 gün Mehmetin məzarını ziyarət edir. Qanuni özündən sonra taxta Mehmetin oturmağını planlaşdırırdı. Ancaq sən saydığını say, gör fələk nə sayır. Qanuninin bu arzusu ürəyində qalır. Ona görə də, oğlunun məzarının üstünə simvolik taxt qoydurub. Halbuki Mehmetin bu cür istəyi olmadığını tarixi araşdırmalardan öyrənirik. İşə bax ki, taxtın potensial namizədləri olan Şahzadə Mustafa və Şahzadə Bəyazidi Qanuni öldürdür. Hətta cənazələrinin İstanbulda dəfn edilməyinə belə icazə vermir.

Yeri gəlmişkən, Sultan Süleyman Şahzadə külliyyəsini öz adına inşa etdirmək üçün Memar Sinana göstəriş veribmiş, Hətta təməl də atılır. Amma oğlunun ani ölümü ilə bu fikrindən daşınır və məscidini oğlunun xətirəsinə inşa etdirir.

Tarix təzadlarla doludur. Ümumiyyətlə, ucundan, bucağından siyasətə azacıq qarışacağı olan insanlarla bağlı böyük cümlələr quranda mütləq şəkildə götür-qoy etmək lazımdır. Çünki siyasətlə yaxşı insan, təmiz insan kəlmələri bir-biri ilə daban dabana ziddir. Heç bir dönəmdə qüsursuz, pak idarəçilik olmayıb. Tarix həmişə qırtlağa qədər qan içində olub. Bu gün də dünəndən geri qalmır. Fikir verin, il olub 2025, texnologiya zirvə çağını yaşayır, amma hələ də Qəzzada, Ukraynada insan soyqırımına şahid oluruq. Bu da o deməkdir ki, məsələ keçmişin və bu günün insanı məsələsi deyil, məsələ xislət, eqo, acgözlük, doyumsuzluq məsələsidir. İnsansoyu var olmağa davam edənə qədər bu həqiqət dəyişməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
525.az

1Mənbələr