AZ

Ağcabədidə “15 İyun – Milli Qurtuluş Günü” qeyd olundu

“Konstitusiya və Suverenlik ili” çərçivəsində iyunun 14-də  Ağcabədi rayonunda “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyəti, YAP Ağcabədi rayon təşkilatı və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən ümumrayon tədbiri  Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında baş tutub.

Öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra hakimiyyəti başçısının müavinləri, hüquq mühafizə orqanlarının rəhbərləri, həmçinin hərbi hissə komandirləri Ulu öndər Heydər Əliyevin icra hakimiyyətinin inzibati binasının qarşısında yerləşən abidəsini ziyarət edərək önünə çiçək dəstələri düzüblər. Bundan sonra tədbirin keçirildiyi məkanda – Mədəniyyət və istirahət parkında da müdrik siyasətçinin büstü rayon rəhbəri, YAP Ağcabədi rayon təşkilatının əməkdaşları və fəalları, eləcə də idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən ziyarət olunub.

Tədbirin aparıcısı, Ü.Haclbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin müəllimi Tünzalə Abışzadə bayram tədbirini açıq elan etdikdən sonra musiqimizin baş tacı hesab olunan dövlət himnimiz səsləndirilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məruzə ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd edib ki, həmin çətin və mürəkkəb dövrdə Azərbaycan dövlət olaraq böyük təhlükə qarşısında qalmışdı. Xalq qorxu və ümidsizlik içində idi. Belə bir vəziyyətdə xalqın və ovaxtkı hakim dairələrin təkidli çağırışı ilə Ümummilli lider Heydər Əliyev yenidən respublikamızın rəhbərliyinə qayıtdı. Xalq Heydər Əliyevin ətrafında sıx birləşərək Milli Qurtuluşun açdığı yolla öz böyük, işıqlı gələcəyinə - dövlətin, ölkənin güclü perspektivlərinə doğru səfərbər oldu. Müdrik siyasətçinin qətiyyətli addımları sayəsində dövlət çevrilişləri cəhdlərinin qarşısı alındı, bir sıra ciddi problemlər öz həllini tapdı. Beləliklə, 15 İyun günü tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazılıdı. Bu gün Azərbaycan tam azaddır, güclüdür, regionun gündəliyini Azərbaycan diqtə edir və dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşır – deyə rayon rəhbəri vurğulayıb.

 85 saylı Ağcabədi-Füzuli Dairə Seçki Komissiyasının sədri İbrahim  Həsənov, Ağcabədi “ASAN Xidmət” Mərkəzinin  əməkdaşı Çinarə  Ağayeva, Ağcabədi Rayon Statistika idarəsinin rəisi Elsevər İsmayılov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Köyük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər  Quliyev məruzə ətrafında çıxışlar edərək vurğulayıblar ki, 15 İyun tarixi təkcə keçmişin xatirəsi deyil, həm də bu günümüzə, eləcə də gələcəyimizə olan inamın rəmzidir. Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində sadəcə bir təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu günün fövqündən baxanda Azərbaycanın bundan sonrakı gələcəyi də işıqlı və firavan görünür. Elə Ulu öndərimizin təbirincə desək: Azərbaycan dünyaya günəş kimi doğacaq!

Ümumrayon tədbirinin bədii hissəsində Qarabağ Regional Mədəniyyət İdarəsinin hazırladığı əsl bayram ab-havalı konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Azərbaycanımızı, dövlətçiliyimizi və Ulu öndərin özünün də sevdiyi mahnılar tədbirə əlavə rəng və gözəllik qatıb.

Əlamətdar gündə gələcəyimiz olan körpələr də diqqətdən kənarda qalmayıblar. Belə ki, parkın müəyyən hissələrində uşaqlar üçün pikniklər təşkil olunub. Balaca fidanlar burada vaxtlarını şən, əyləncəli və maraqlı keçiriblər.

Seçilən
5
yeniazerbaycan.com

1Mənbələr