Demokrat.az xəbər verir ki, əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, İcra Hakimiyyətinin məsul əməkdaşları və rayonun səhiyyə sahəsində çalışan tibb işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. Tədbir daha sonra Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin inzibati binasında davam etdirilib.
Tədbiri giriş sözü ilə Publik Hüquqi Şəxsin direktoru Natiq Əliyev bu əlamətdar gün ilə əlaqədar tibb işçilərini təbrik edib və Azərbaycan səhiyyəsinin keçdiyi tarixi inkişaf mərhələlərindən söhbət açdı, hal-hazırda bu sahədə mövcud problemlər, qarşıda duran məqsəd və vəzifələr barədə geniş məlumat verib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək, məhz Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı ilə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sayəsində əhəmiyyətli nailiyyətlər əldə etməyin mümkün olduğunu qeyd edib.
Ümummilli liderin başladığı inkişaf strategiyası bu gün cənab Prezident-Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, ən müasir avadanlıqlarla təchiz edilməsi, tibb işçilərinin təkmilləşdirilməsi işinə diqqət və qayğının artırılması səhiyyəmizin yüksəlişinin təzahürüdür.
Daha sonra rayon əhalisinin sağlamlığının keşiyində göstərdikləri xidmətlərə görə bir qrup tibb işçisi Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov tərəfindən fəxri fərmanla təltif olunub.
Sonda səhiyyə işçiləri səhiyyəyə göstərdiyi diqqət və qayğıya görə Ölkə Rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.


























