“İranda hakimiyyəti kənardan zorla dəyişmək istəyi strateji səhvdir”.
Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Kənardan zərbə endirməklə ölkəni onun iradəsinə zidd olaraq xilas edə biləcəyinizə inanan hər kəs həmişə yanılıb”, - Fransa lideri bildirib.
Makronun sözlərinə görə, əvvəllər də belə zərbələr və ya hərbi əməliyyatlar vasitəsilə rejimləri dəyişməyə cəhd edənlərin hamısı strateji səhvlərə yol veriblər: “Bunu bizə təcrübə göstərir”.
Xatırladaq ki, İsrail Baş naziri Benyamin Netanyahu bundan əvvəl hava hücumlarının sonunda İranda rejimin dəyişə biləcəyini açıqlamışdı. İsrail lideir İran rejimini “zəif” adlandırmışdı.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a deyib ki, İranda rejimin dəyişib-dəyişməməsi, ilk növbədə, ictimai rəyin dəstəyindən asılıdır:

"Hazırda müşahidə olunan kritik 2-3 günlük gedişat göstərir ki, ictimaiyyətin əsas hissəsi hələ də İran elitasının arxasındadır. Digər tərəfdən, İsrail açıq şəkildə İranda hakimiyyət dəyişikliyini əsas məqsəd kimi elan edib və Donald Tramp da bu mövqeyə müəyyən qədər haqq qazandırır. Hadisələrin mövcud mərhələdən daha dəhşətli fazaya keçməsi ehtimalı istisna olunmur. Daxildəki antiiqtidar qüvvələrinin fəallığı və xaricdəki güclü müxalifətin varlığı rejim dəyişikliyinə təkan verə bilər. Bu prosesə paralel olaraq, Mosadın ardıcıl və uğurlu əməliyyatları gərginliyi daha da artırır. Bununla yanaşı, İran da müəyyən sahələrdə uğurlu və ciddi əməliyyatlar həyata keçirir. Bütün bu reallıqları nəzərə aldıqda, İranda rejim dəyişikliyinin mümkün olub-olmayacağını qəti şəkildə söyləmək çətindir".