AZ

Baykar və Leonardo əməkdaşlığı İtaliya mediasında işıqlandırılıb

BAKI, TurkicWorld

Baykar və Leonardo əməkdaşlığı İtaliya mediasında işıqlandırılıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Türkiyənin pilotsuz uçuş aparatları istehsalçısı Baykar ilə İtaliyanın aparıcı müdafiə sənayesi şirkəti Leonardo 55-ci Paris Hava Sərgisi çərçivəsində “LBA Systems” adlı ortaq müəssisə qurduqlarını elan ediblər.

Bu təşəbbüs İtaliya mediasında geniş işıqlandırılıb.

İtaliyanın yüksək tirajlı “Corriere della Sera” qəzeti yazır ki, Baykar və Leonardo mart ayında imzaladıqları anlaşma memorandumunu gerçəkləşdirərək 50/50 ortaq payla “LBA Systems” şirkətini rəsmi olaraq təsis ediblər. Yeni müəssisənin əsas məqsədi uzaqdan idarə olunan təyyarə sistemlərinin dizaynı, inkişafı və istehsalı olacaq.

Layihə çərçivəsində Baykar TB3 və Akıncı kimi qabaqcıl PUA-ları təmin edəcək, Leonardo isə bu sistemlərin inteqrasiyası üçün elektron modullar, rabitə sistemləri və pilotlarla koordinasiyanı təmin edən texnologiyaları təqdim edəcək.

Leonardo şirkətinin baş direktoru Roberto Çinqolani bildirib ki, tədarüklərə 2026-cı ildə başlanması planlaşdırılır.

İtaliyanın aparıcı iqtisadi nəşri “Il Sole 24 Ore” də bu əməkdaşlığın hər iki tərəfin texnoloji imkanlarını bir araya gətirdiyini və Avropada yeni nəsil İHA-ların inkişafı üçün strateji addım olduğunu qeyd edib. Yeni şirkətin baş ofisi İtaliyada yerləşəcək.

“Il Messaggero” qəzeti isə əməkdaşlığı “Avropa müdafiəsinin ən qabaqcıl sərhədlərinə doğru atılan texnoloji addım” kimi dəyərləndirib və Baykar Texnologiya Lideri Səlcuq Bayraktarın bu birliyi “gələcək üçün katalizator” adlandırdığını vurğulayıb.

Qeyd edək ki, Baykar son illərdə TB2 və Akıncı kimi PUA-larla beynəlxalq arenada nüfuz qazanıb və bu ortaq layihə ilə şirkət Avropa bazarında daha güclü mövqe əldə etməyi hədəfləyir.

Seçilən
5
turkic.world

1Mənbələr