AZ

Səhnə dekorları, qrim otağı, geyim sexi və daha nələr, nələr... REPORTAJ

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 17 iyun, Fidan Əlizadə, AZƏRTAC

Teatr pərdəsi yavaşca açılır. Zalda işıqlar sönür, nəfəsin səssizliyi eşidilir. Səhnə işıqla danışır, musiqi duyğularla oynayır, aktyor bir obrazda doğulur, digərində ölür. Ancaq o möcüzənin arxasında bir sirr dayanır ki, bu da görünməyən əllərlə yaradılıb. Onlar səhnəyə çıxmırlar. Alqış səsləri onlara çatmır. Amma hər obrazın saç telində, hər libasın tikilişində, hər dekorun detalında onların zəhməti var. Onlar səhnənin nəfəsi, teatrın canıdır. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsini parlaq edən onların zəhmətidir.

AZƏRTAC-ın müxbiri Teatrın səhnə arxasında baş verən proseslərlə yaxından tanış olub.

Dekor dərziliyi – Gözlə görünən zəhmət

Tamaşaçıların səhnə əsəri başlamazdan əvvəl ilk qarşılaşdıqları mənzərə səhnə dekorlarıdır. Bu, tamaşa barədə ilkin təsəvvür yaratmaqda yardımçı olur. Pərvanə Məmmədova artıq 15 ildir ki, teatrda dekor dərzisi kimi çalışır. O deyir ki, səhnədə gördüyümüz hər bir dekor əslində sənətin və zəhmətin təcəssümüdür. “Əvvəlcə rəssam eskizi çəkir, biz də həmin eskizə uyğun ölçülərlə dekorları hazırlayırıq. Hazırda iyunun 21-i və 22-də premyerası keçiriləcək “Şah Abbas Namə” tamaşası üzərində işlər yekunlaşır. Səhnədəki setka, poloviklər bizim əllərimizdən keçib. Böyük işləri qısa zamanda təhvil verirəm. Əsas amil məsuliyyət və düzgün çertyojdur”,-deyə P.Məmmədova əlavə edib.

Qrim otağı – Obrazın doğulduğu yer

Hər bir obrazın ona xas qrim üslubu olur. Qrimyor Samirə Həsənova aktyorları obrazdan-obraza salan incə əllər sahibidir. O, artıq 10 ildir ki, teatrın ayrılmaz parçasıdır. Qrimyor bu müddətdə təcrübələrindən və fəaliyyətindən söhbət açıb: “Tamaşalarda aktyorlara saqqal, bığ yapışdırır, müxtəlif obrazlara uyğun qrim edirik. Saqqal-bığ xüsusi tüklərdən hazırlanır və aktyorun üz quruluşuna və saç rənginə tam uyğunlaşdırılır. Bu halda saqqallar bal-bankanın üzərində çənə hissəsindən toxunulmağa başlayır. Sonda əldə olunan materialı kəsib, forma verib, yapışdırırıq. Sənətimiz çox fərqlidir. Ən maraqlısı odur ki, aktyor qrim otağına bir cür daxil olur, amma oradan tam fərqli çıxır. Bəzən qrimdən sonra, aktyorlar o dərəcədə dəyişir ki, hətta onları iş yoldaşları belə tanımır. Çalışdığım hər bir tamaşanın özünəməxsus yeri var. Lakin, ən yaddaqalan “Balaca kişilər” tamaşasında Şah İsmayıl və Cavad xan obrazlarıdır. Keçən il Xalq artisti Naibə Allahverdiyevanın 60 illik yubileyi münasibətilə "Gerçəkləşməyən arzular" adlı benefis nümayiş olunub. Benefisdə Uilyam Şeksprin "Romeo və Culyetta", "Hamlet", "Antoni və Kleopatra", Cəfər Cabbarlının "Sevil", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" pyeslərindəki obrazlara uyğun qrim etmişdim”.

Geyim sexi – Tarixə bürünən kostyumlar

Teatrın ən maraqlı otaqlarından biri də məhz geyim sexidir. İçəri daxil olan zaman geyimlərin al-əlvalığı zövq oxşayır. Geyim sexinin rəisi Günel Əliyeva teatrda geyimlərin səliqə və sistemlə saxlanmasına nəzarət edir. Teatrda 4 geyim sexinin mövcudluğunu diqqətə çatdıran sex rəisi deyib: “Hazırda teatrın 60-dan çox tamaşasının kostyumları saxlanılır. Geyimlər tamaşaların estetik ruhunu tamamlayır. Əvvəlki tamaşalardan istifadə olunan geyimlər arxivə gedir, lakin bəzən yenilənərək yeni tamaşalara uyğunlaşdırılır. Hər tamaşanın özünəməxsus üslubu var, ona görə də geyim və aksesuarlar bir-birinə qarışmır”.

Səsin sehri – Tamaşaya həyat verən musiqi

Teatrın səs operatoru Ramil Qarayev işin ən həyəcanlı məqamlarını belə təsvir edir: “Tamaşa zamanı rejissorun təqdim etdiyi musiqini ab-havaya uyğun şəkildə təqdim edirik. Aktyorun replikasına uyğun olaraq musiqini dəqiq tənzimləmək çox önəmlidir. Premyeraları idarə edərkən gərginlik və həyəcan olur, növbəti nümayişlərdə isə artıq prosesə alışırıq. Səs texnikasının düzgün qurulması, mikrofonların vaxtında və yerində təchiz edilməsi bizim komandanın məsuliyyətindədir”.

Bufator sexi -Taxtadan hazırlanan fiqurlar

Bufator sexinin sükutunu yalnız iş alətlərinin taqqıltısı pozur. Burada taxta, penoplast və qupka aktyorun səhnədə danışacağı dillə danışır. Bu səssiz danışığın ustası, 16 ildir teatrın bir parçası olan Şahin Hüseynlidir. “Bizim sexdə düzələn hər fiqur, hər detal, sadəcə əşya deyil. Onlar bir tamaşanın hissləridir. Tamaşalr üçün düzələn papaqlar, fiqurlar səhnənin nəfəsi kimidir. Burada hər kəs bir sənətkardır. Onlar üçün tornavida, yapışqan, bəzək sadəcə alət deyil”,- deyə o sözlərinə əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
2
azertag.az

3Mənbələr