Oyunçuların sona qədər mübarizə apara bilməməsi əsas problemdir.
Bunu "Repart"a açıqlamasında Azərbaycanın kişilərdən ibarət voleybol millisinin baş məşqçisi Fərid Cəlalov deyib.
Mütəxəssis yığmanın Gümüş Avropa Liqasındakı çıxışını dəyərləndirib:
"Lüksemburqa ilk oyundakı məğlubiyyətdən sonra komanda toparlana bilmədi. Hər dəfə eyni sözləri deyirəm, təkrar olur. Komanda gənclərdən təşkil olunub. Təcrübəsizlik hər dəfə öz sözünü deyir. Heyətdə elə voleybolçular var ki, milli komandada ilk addımlarını atırlar. Macarıstanla matçda qalib gəldiyimiz setdə komanda istədiyini həyata keçirə bilmişdi. Əvvəlki səhvləri təkrarlamamağın nəticəsində seti öz xeyrimizə başa vurduq. Digər setlərdə başabaş olaraq 16 xal toplasaq da, təəssüf ki, davamı gəlmədi və məğlub olduq. Bizim problemimiz odur ki, oyunçular sona qədər çatdıra bilmirlər. Bunun səbəbi təcrübəsizlikdir. Matçlar zamanı məşqçilər heyəti voleybolçuları motivasiya etməyə çalışır. Amma bəzən bu bəhrə vermir".
F.Cəlalov milli komandanın yaxın müddətdə güclənəcəyinə əmin olduğunu söyləyib:
"Qarşıda bizi yay ərzində 10 oyun gözləyir. Gürcüstanda 2 yoxlama matçı keçirəcəyik. Əsasən sınaq matçlarında bütün voleybolçulara şans verəcəyik. İnanıram ki, bu 10 görüşdən sonra oyunçularda müsbət dəyişikliklərin şahidi olacağıq. Artıq həmin səhvləri təkrarlamaycaqlarına ümid edirik".
Qeyd edək ki, Azərbaycan millisi Gümüş Avropa Liqasında Gürcüstana 3:0 hesabı ilə qalib gəlib, İsveç və Lüksemburqa 0:3, Macarıstan yığmasına isə 1:3 hesabı ilə məğlub olub.