AZ

TƏBİB-in İcraçı direktoru: Azad olunan ərazilərdə tibbi xidmətlərin əhatə dairəsi köç prosesinə uyğun genişləndiriləcək

Azad olunan ərazilərdə tibbi xidmətlərin əhatə dairəsi zamanla, köç prosesinə uyğun olaraq genişləndiriləcək.

Bunu “Report”a müsahibəsində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə dövlət qurumlarında, təmir-tikinti şirkətlərində çalışan və köç edən vətəndaşlarımıza, bəzi hallarda hərbi xidmət müəssisələrində xidmət keçən hərbçilərimizə və ailələrinə keyfiyyətli tibb xidmətinin göstərilməsi üçün TƏBİB ailə sağlamlıq mərkəzləri (ASM), modul tipli xəstəxana, tibb məntəqələri, poliklinikalar qurub.

TƏBİB-in İcraçı direktoru xatırladıb ki, hazırda Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalıda ASM, Şuşa, Zəngilan, Ağdamda modul tipli xəstəxana, Xankəndində poliklinika və Ağdərədə xəstəxana fəaliyyət göstərir:

“Bu xidmətlərin əhatə dairəsi zamanla, köç prosesinə uyğun olaraq genişləndiriləcək”.

V.Qurbanov əlavə edib ki, ölkədə dövlət tibb müəssisələrinin inşası və əsaslı təmiri Səhiyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə daxildir:

“Təmiri və inşası bitdikdən sonra təhvil alınan dövlət tibb müəssisələrində tibbi xidmətin təşkili isə TƏBİB-in səlahiyyətləri çərçivəsindədir. Bu istiqamətdə gələcək planlarımıza gəldikdə isə azad olunmuş ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb. 81 kənd, 8 qəsəbə və 8 şəhərdə ilkin səhiyyə müəssisələrinin dəqiqləşdirilmiş dislokasiyaları və eskiz layihələri Səhiyyə Nazirliyinin tikinti üzrə mütəxəssisləri ilə birlikdə hazırlanaraq Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdiriyyəti İdarəsinə təqdim edilib”.

O həmçinin əlavə edib ki, TƏBİB-in tabeliyində 10 ixtisaslaşmış oftalmoloji mərkəzin yaradılması istiqamətində hazırlıq işlərinə başlanılıb:

“Hemodializ mərkəzlərində avadanlıqların yenilənməsi işləri də davam etdirilir. Bu istiqamətdə 91 ədəd yeni avadanlıq satın alınıb. Bu siyahını kifayət qədər genişləndirmək olar, təchizat və təminat tələbata, eləcə də plana uyğun olaraq davamlı əsaslarla həyata keçirilir”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Seçilən
4
report.az

1Mənbələr