AZ

Müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı media brifinq təşkil olunub - YENİLƏNİB - FOTOLAR

Bu gün 2025-ci ildə keçiriləcək müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı media brifinq təşkil olunub. SİA xəbər verir ki, brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) və Təhsil İnstitutunun (ARTİ) rəsmiləri iştirak ediblər.

"10 il sonra məktəblərdə sertifikasiyadan keçmiş yüksək bilikli müəllimlər işləyəcək". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı brifinqdə deyib.

O bildirib ki, bununla da valideynlər artıq övladları üçün yaxşı məktəb axtarışında olmayacaqlar: “Bu prosesdə müəllimlər də maraqlıdır. Çünki bu, müəllimlər arasında sağlam rəqabət yaradır. Əvvəl maaşında 10 faiz artım alan müəllim indi öz üzərində işləyərək 35 faiz artıma düşmək istəyəcək. Sağlam rəqabət isə inkişafa aparır.

Sertifikatlaşdırma prosesi təhsilin keyfiyyətinin artırılmasına yönəlib. Bu il fizika, kimya və informatika müəllimləri sertifikasiyadan keçəcəklər. Müəllimin keyfiyyəti təhsilin keyfiyyətini müəyyən edir. Fənni dərindən bilən və şagirdlərdə öyrənmə həvəsi yarada bilən müəllimlər seçilir. Yaxın gələcəkdə müəllimlərin sertifikatlaşdırılması onların peşəkar inkişafına və keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək. Məktəblərimizin demək olar ki, hamısında sertifikatlaşmış müəllimlər çalışacaq. Məqsəd bütün məktəbləri savadlı və ixtisaslı müəllimlərlə təmin etməkdir".

"Şagirdə dərs deyən müəllimin hazırlıqlı və bilikli olması vacibdir. Əgər müəllim sertifikatlaşdırmadan əvvəl 1000 manat məvacib alırdısa, sertifikatlaşdırmadan sonra onun əməkhaqqında artım nəzərdə tutulur. Bu isə sağlam rəqabət mühiti yaradır”, - o bildirib.

Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı brifinqdə çıxışı zamanı qeyd edib ki, sertifikasiya imtahanına asan sualların salınmasının məqsədi nə qədər müəllimin bunu bilməsini öyrənmək deyil: "Hələ də bu cür sualları bilməyən müəllimlər var. Biz istəsək də, istəməsək də suallar asan, orta və çətin olaraq bölünməlidir. Çətin suallar mütləq olmalıdır. Onlar olmasa, ən yaxşıları təyin etmək mümkün olmaz. Bu imtahanlardan sonra biləcəyik ki, kim mentor və metodist ola bilər”.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı brifinqdə çıxışı zamanı bildirib ki, bu il ilk dəfə Astarada müəllimlərin sertifikatlaşdırılması həyata keçiriləcək: "Bu il müəllimlərin sertifikatlaşdırması prosesində 19 minə yaxın müəllim iştirak edəcək. İmtahanlardan əvvəl "Microsoft Teams" platforması üzərində müəllimlər üçün sınaq mərhələsi keçirilib. Sınaq imtahanlarında 10 minə yaxın müəllim iştirak edib. 150 müəllim isə müasir metodiki xidmət layihəsinə cəlb olunub. Bugünə qədər 65 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib".

Brifinqdə bu il təşkil olunacaq sertifikatlaşdırma prosesi barədə ətraflı məlumat təqdim olunub və media nümayəndələrinin sualları cavablandırılıb.

Seçilən
15
sia.az

1Mənbələr