AZ

Ordumuz Tehrandakı önəmli obyektlərə zərbə endirəcək - İsrailin müdafiə naziri

İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İranın paytaxtı Tehranda yerləşən strateji və hökumət obyektlərinə zərbə endirməyə hazır olduğunu bəyan edib.

Bizim.Media xəbər verir ki, bu informasiya İsrail mediasında yer alıb.

Katz bildirib ki, planlaşdırılan zərbələr sırasında hökumət binaları, qərarların qəbul edildiyi mərkəzlər, o cümlədən strateji obyektlər də yer alır.

Nazirin sözlərinə əsasən, İsrail Silahlı Qüvvələri hazırda əməliyyat planlarını yekunlaşdırmaq üzrədir və bu planlar çərçivəsində Tehranda və digər strateji ərazilərdə yerləşən 10-dan çox nüvə və hərbi obyekt konkret hədəf kimi müəyyən olunub:

"Bu obyektlər artıq məhvə çox yaxındır", – deyə İsrael Katz vurğulayıb.

İsrailin bu cür açıq şəkildə İranın mərkəzinə – Tehrana qarşı hücum planlarını elan etməsi regionda vəziyyətin daha da gərginləşəcəyinin göstəricisidir. Belə bir hücum təkcə İranı deyil, bütün Yaxın Şərqi müharibə alovuna bürüyə bilər.

İran son həftələrdə hava hücumlarına qarşı zəiflik nümayiş etdirdiyindən, bu cür zərbələrə cavab verməkdə çətinlik çəkə bilər. Lakin Tehran böyük ehtimalla Hizbullah, husilər və digər proksi qüvvələr vasitəsilə İsrailə və onun tərəfdaşlarına cavab verməyə çalışacaq.

İsrailin bu cür addımı xüsusilə BMT, Avropa İttifaqı və region ölkələri tərəfindən sülh çağırışlarına zidd kimi qiymətləndirilə bilər. ABŞ və Türkiyə kimi aktorlar isə gərginliyin böyüməsinin qarşısını almaq üçün təzyiq diplomatiyasına keçəcək.

Katzın "10-dan çox nüvə obyektinin məhvə az qaldığını" deməsi, İsrailin İranın nüvə proqramını tamamilə sıradan çıxarmaq niyyətində olduğunu göstərir. Bu isə təkcə regional deyil, qlobal təhlükəsizlik məsələsidir.

Əgər bu əməliyyatlar gerçəkləşərsə, Yaxın Şərqdə yeni müharibə mərhələsi başlaya və bunun nəticələri bütün dünya iqtisadiyyatı və təhlükəsizliyi üçün ağır ola bilər. Ankara, Vaşinqton və Körfəz ölkələrinin diplomatik səyləri indi daha da kritik əhəmiyyət kəsb edir.

Bizim.Media

Seçilən
13
bizim.media

1Mənbələr