AZ

Azərbaycan rəhbərliyi bu addımıyla Güneydəki soydaşlarımızın bugünü və gələcəyini diqqət mərkəzində saxladığını nümayiş etdirdi



Azərbaycan dövləti özünün humanist siyasətinə və Azərbaycançılıq xəttinə sadiq qaldığını hər addımında isbatlayır. Bu mənada, rəsmi Bakının İran-İsrail savaşı fonunda Güney Azərbaycandakı soydaşlarımızın taleyinə biganə qalmaması təbiidir. Belə ki, Bakının Təl-Əvivlə kommunikasiya quraraq Güneydəki soydaşlarımızla bağlı narahatlığını qarşı tərəfin diqqətinə çatdırdığı bildirilir. Məsələ burasındadır ki, İsrailin davam etdirdiyi hərbi əməliyyatlar İranda azərbaycanlıların yaşadığı əraziləri də, o cümlədən tarixi şəhərimiz olan Təbrizi də əhatə edir və belə olduqda, yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması halları qaçılmazdır.

Azərbaycan da məhz bu halların qarşısının alınması məqsədilə İsrail rəhbərliyinə Güney Azərbaycandakı soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mesaj göndərib. Bu mesaj İsrailin zərbə əməliyyatları zamanı İrandakı azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməməsi, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməsindən ibarətdir. Bu, çox zəruri mesajdır. Daha doğrusu, taleyüklü mesajdır. Məhz bu mesajın sayəsində minlərlə, milyonlarla güneyli soydaşımızın can və mal varlığı qaranti altına alınmış olur.

Bu mesaj vasitəsilə Azərbaycan rəhbərliyi bombardmanların həyata keçirildiyi Güney Azərbaycan ərazilərində soydaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün əlindən gələni etdiyini göstərir. Eyni zamanda, bu addım Prezident İlham Əliyevin illər öncə bəyan etdiyi "Mən hər bir azərbaycanlının Prezidentiyəm" həqiqətinin hər zaman qüvvədə olduğunun bir daha təsdiqidir. Güney azərbaycanlıların təhlükəsizliyinin təmin olunmasıyla bağlı Bakının Təl-Əvivə mesaj göndərməsi, həm də şər yuvası olan SEPAH-ın güneyli soydaşlarımız arasında çaşqınlıq yaratmaq məqsədilə ortaya atdığı “İsrail təyyarələri Azərbaycanın yanacağı ilə Təbrizi bombalayır” kimi məkrli iddialarına qarşı tutarlı cavabdır. Görünən budur ki, mesaj alınıb və hazırda İsrail qırıcılarının əsas hədəfi Güney Azərbaycan şəhərləri yox, məhz molla rejiminin "ürəyi və beyni" hesab olunan Tehrandır. Beləliklə, Azərbaycan rəhbərliyi bu addımıyla Güneydəki soydaşlarımızın bugünü və gələcəyini diqqət mərkəzində saxladığını nümayiş etdirdi.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Seçilən
5
1
newscenter.az

2Mənbələr