"Yaxın Şərqdə İsrai-İran qarşıdurması fonunda Amerika öz mövqeyini gücləndirir..."
ABŞ Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda Avropaya genişmiqyaslı hərbi kontingent göndərib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək vəzifəli Pentaqon rəsmilərinə istinadla məlumat verib.
Məlumata görə, son günlər Avropaya 30-dan çox yanacaqdoldurma təyyarəsi yerləşdirilib. Məqsəd - Yaxın Şərqdə mümkün əməliyyatlara hazırlıqdır.
Təhlükəsizlik analitiki Erik Şouten bu addımı "strateji siqnal" adlandırır: "ABŞ Hərbi Hava Qüvvələrinin bu qədər sayda tankerlə şərqə doğru qəfil irəliləməsi adi hadisə deyil. Bu, hərbi hazırlığın açıq nümayişidir".
Eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Nimic" aviadaşıyıcısı da regiona yola salınıb. Gəmi 60-dan çox təyyarə və təxminən 5 min hərbçi daşıya bilir. Rəsmi versiyaya görə, bu yerləşdirmə əvvəlcədən planlaşdırılıb, lakin ekspertlər onu İran-İsrail müharibəsinin alovlanma riski ilə birbaşa əlaqələndirir.
ABŞ müdafiə naziri Pit Heqset "X" sosial platformasında bildirib ki, yeni yerləşdirmələr ABŞ hərbçilərinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır: "Bizim əsas prioritetimiz öz qüvvələrimizin müdafiəsidir. Bu qərar müdafiə mövqeyimizi gücləndirmək üçündür".
İsrailin zərbələri və Trampın mövqeyi
İsrail ordusu bu həftənin sonunda İranın nüvə obyektlərinə güclü zərbələr endirib və bildirib ki, Tehran atom bombası istehsalını tamamlamaq üzrədir. Nəticədə tərəflər arasında artan raket zərbələri və bombardmanlar yüzlərlə mülki şəxsin həyatına son qoyub.
ABŞ prezidenti Donald Tramp isə İsrailin İranın ali rəhbəri ayətullah Əli Xameneiyə qarşı fiziki zərbə planını dəstəkləməyib. Mənbələrin məlumatına görə, Tramp bildirib ki, ABŞ yalnız o halda İrana qarşı siyasi rəhbərliyə yönəlmiş hücumlara qoşular ki, amerikalılar birbaşa hədəfə çevrilsin.
Bununla belə, Vaşinqton bölgə ölkələrinə xəbərdarlıq edib ki, müdafiə mövqeyində olsa da, İranın hücum edəcəyi təqdirdə hücum əməliyyatlarına keçməyə hazırdır.
ABŞ bölgədə hərbi gücünü genişləndirir
Hazırda Yaxın Şərqdə 40 minə yaxın ABŞ hərbçisi, raketdən müdafiə sistemləri, qırıcılar və hərbi gəmilər yerləşdirilib. Pentaqon bildirir ki, ötən ay ABŞ Hind-Sakit okean regionunda da bombardman aviasiyasını yeniləyib. Bunlar arasında möhkəmləndirilmiş hədəflərə, o cümlədən nüvə obyektlərinə zərbə endirmək qabiliyyətinə malik B-52 bombardmançıları da var.
ABŞ bu müharibədə birbaşa iştirak etmir, lakin İsrailə hərbi-texniki dəstək verir: hava hücumundan müdafiə sistemləri və kəşfiyyat məlumatları təqdim olunur. Vaşinqton mümkün qədər birbaşa eskalasiyadan yayınmağa çalışsa da, hərbi güc nümayişi ilə sülh danışıqlarını təşviq etməyə çalışır.
Prezident Tramp İsrailin özünümüdafiə hüququnu tanıyır və diplomatik həll yolu kimi yeni nüvə sazişi təklif edir. Digər tərəfdən, BMT, Aİ və Çin dərhal atəşkəsə çağırış edir.
Müdafiə naziri Heqset xəbərdarlıq edib: "Amerikanın hərbi obyektlərinə ediləcək istənilən hücum sərt cavab alacaq". ABŞ artıq region ölkələrinə açıq şəkildə bildirib: əgər hücum olsa, müdafiədən hücuma keçəcəyik.