BAKI, TurkicWorld
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, “Mərkəzi Asiya–Çin” formatında keçirilən ikinci sammit çərçivəsində Qazaxıstana işgüzar səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikitərəfli görüş keçirib.
TurkicWorld xəbər verir ki, görüş Astana şəhərindəki “The St. Regis Astana” otelində baş tutub.
Görüş zamanı tərəflər Türkmənistan-Çin münasibətlərinin strateji xarakterini vurğulayıb, siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın indiki vəziyyəti və gələcək imkanları barədə fikir mübadiləsi aparıblar.
Prezidentlər birgə səylər nəticəsində ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildiriblər.
Görüşdə qeyd olunub ki, möhkəm müqavilə-hüquq bazası formalaşıb və bu, əməkdaşlığın həm ənənəvi, həm də yeni istiqamətlərdə genişlənməsi üçün zəmin yaradır. Tərəflər həmçinin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin fəal davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Sərdar Berdiməhəmmədov fürsətdən istifadə edərək Si Cinpini Türkmənistana rəsmi səfərə dəvət edib. Çin lideri də öz növbəsində, Sərdar Berdiməhəmmədovu Çin Xalq Respublikasında keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti və digər beynəlxalq tədbirlərə dəvət edib.
Görüşün sonunda Türkmənistan Hökuməti ilə Çin Xalq Respublikasının Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb.