Bu proses mərhələli şəkildə həyata keçirilir və məqsəd bütün müəllim heyətini tədricən əhatə etməkdir.
Bunu News24.az-ın müxbirinin "Sertifikasiya imtahanlarında müəllim 2022-ci ildə imtahan verib, maaşı ya 10 faiz ya da 35 faiz artıb, digər müəllim isə 5 il gözləməlidir ki, 2026-cı ildə imtahan versin və nəticəsinə uyğun maaşında artım olsun" sualına Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəsmiləri cavab olaraq bildiriblər.
Rəsmilərin sözlərinə görə, ilkin mərhələdə sertifikasiyaya daha çox müəllim cəlb etmək texniki və inzibati baxımdan mümkün olmayıb. Ona görə də proses mərhələlərlə təşkil edilib və illər üzrə ardıcıllıqla icra olunur:
“Ədalətlilik prinsipi yalnız nəticə ilə deyil, prosesi hamı üçün bərabər imkanlarla təmin etməklə ölçülür. İmtahanın nəticəsinə görə maaş artımı təqdirəlayiqdir, amma bu imtiyaz tədricən bütün müəllimləri əhatə edəcək. 2026-cı ilə qədər imtahana cəlb olunmayan müəllimlər də həmin il öz peşəkar biliklərini sübut edərək eyni artımdan yararlana biləcəklər”.
MÜTDA rəsmiləri həmçinin əlavə ediblər ki, müəllimlərin sertifikasiyaya cəlb olunma qrafiki əmək stajı, ixtisaslar üzrə balanslı bölgü və imtahan prosesinin keyfiyyətli təşkili nəzərə alınmaqla tərtib olunur. Məqsəd təhsildə keyfiyyəti artırmaqla yanaşı, müəllimlərin əməyinə daha düzgün və şəffaf şəkildə qiymət verməkdir.
Aqil