AZ

ABŞ İsrailin hücumlarında məsuliyyət daşıyır - İranın BMT-dəki nümayandəsi

BAKI,TurkicWorld

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani, İsrailin hücumları nəticəsində İranda 1 481 mülki şəxsin öldürüldüyünü və ya yaralandığını bildirib.

AzerVoice xəbər verir ki, o, ABŞ-ı bu aqressiyada İsraillə şərik olmaqda ittiham edib.

Nyu-Yorkda BMT qərargahında jurnalistlərə açıqlama verən İravani, İsrailin İrana qarşı əsassız və cinayət xarakterli hücumlarının BMT Nizamnaməsi və beynəlxalq hüququn əsas prinsiplərinə zidd olduğunu vurğulayıb.

İravani bildirib ki, İsrailin hücumlarının ən təhlükəli tərəfi, ölkənin tam şəkildə Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətində olan dinc nüvə obyektini hədəfə almasıdır. Onun sözlərinə görə, İran dərhal tədbir görməsəydi, nəticələr fəlakətli ola bilərdi.

Diplomat qeyd edib ki, İsrailin “dəqiq və hədəfli zərbələr” iddiaları əsassız və aldatıcıdır. Hücumların əsasən böyük şəhərlərdə, sıx məskunlaşmış mülki ərazilərə yönəldiyi, bu zərbələr nəticəsində ən azı 224 mülki vətəndaşın, o cümlədən qadın və uşaqların həlak olduğu vurğulanıb.

İravani ABŞ-ın hücumlara silah, kəşfiyyat və siyasi dəstək verdiyini deyib.

“Bu hücum ABŞ-ın dəstəyi olmadan həyata keçirilə bilməz. Ona görə də Vaşinqton bu qanunsuz əmələ görə məsuliyyət daşıyır”- deyə o bildirib.

Diplomat, hücumların Muskatda keçirilməsi planlaşdırılan altıncı nüvə danışıqları raundundan öncə baş verdiyini xatırladıb və qeyd edib ki, İran bu danışıqlara səmimi təkliflə yanaşsa da, ABŞ prosesi pozmağa çalışıb.

İran rəsmisi bildirib ki, ölkəsi artıq BMT Təhlükəsizlik Şurasına təcili iclas çağırışı edib və Şuranın bu aqressiyanı pisləmək və hücumları dayandırmaq üçün tədbir görməsinin vacibliyini vurğulayıb.

İravani, İsrailə yardım edən hər bir ölkənin hüquqi məsuliyyət daşıyacağını da qeyd edib.

Seçilən
2
turkic.world

1Mənbələr