İyunun 13-də İsrailin İranın bir neçə bölgəsindəki hədəflərə qarşı genişmiqyaslı hücumu beş gündür ki, davam edir. Təl-Əviv və Tehran bir-birinə raket və dron zərbələri endirməklə qarşılıqlı itkilərə səbəb olublar. Hər iki tərəfin bəyanatlarından da belə məlum olur ki, gərginlik tezliklə səngiməyəcək. Məsələnin bir tərəfi isə Azərbaycanla bağlıdır. Bakı ilə dost iki ölkənin müharibə aparması, təbii ki, özlüyündə risklər doğurur. Bəs belə olan halda Azərbaycan üçün bu münaqişə fonunda hansı tarixi fürsətlər və təhlükələr ola bilər?
Mövzu ilə bağlı Oxu.az-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan bu gün iki fərqli miqyasda baş verən geosiyasi qarşıdurmaların tam kənarında deyil, əksinə, onların dairəsinin yaxınlığındadır:

"İran-İsrail qarşıdurması Yaxın Şərqin hüdudlarını aşaraq beynəlxalq təhlükəsizliyə meydan oxuyur, Rusiya-Ukrayna müharibəsi isə Avropanın gələcəyini formalaşdıran əsas güc mübarizəsinə çevrilib. Bu mürəkkəb geosiyasi mənzərə qarşısında Azərbaycanın seçdiyi yol bir daha onun regional məsuliyyət daşıyan "orta güc" (middle power) statusunu nümayiş etdirir. Azərbaycan nə hər hansı bir bloka daxil olub qarşı tərəfə meydan oxuyur, nə də qapalı neytrallıq siyasəti ilə hadisələrdən kənarda qalmağa çalışır. Əvəzində, Bakının illərdir formalaşdırdığı praqmatik və çoxtərəfli diplomatiya modeli bu gün daha da aktuallaşır. İranla tarixi, mədəni və coğrafi bağlılıq, İsraillə strateji-texnoloji əməkdaşlıq, Rusiya ilə iqtisadi və təhlükəsizlik sahəsində əlaqələr, Ukrayna ilə humanitar və siyasi həmrəylik - bütün bunlar ziddiyyətli görünə bilər, lakin Azərbaycanın tarazlaşdırıcı rolu bu fərqlilikləri qarşıdurmaya yox, əməkdaşlığa çevirmək bacarığı ilə seçilir".
"İsrailin İrana qarşı həyata keçirdiyi son hava zərbəsindən sonra bir çox ölkə öz vətəndaşlarını regiondan təxliyə etmək üçün Azərbaycanı tranzit məkan kimi seçib. Bu, təsadüf deyil. Azərbaycan bu gün regionda etibarlı logistika qovşağı statusu qazanıb. Müharibə və qeyri-sabitliyin artdığı bir dövrdə belə bir statusun qazanılması siyasi sabitlik, regional etimad və beynəlxalq hüquqa sadiqliyin nəticəsidir. Rusiya-Ukrayna müharibəsinin dərinləşməsi ilə enerji marşrutları və qlobal təchizat zəncirləri ciddi şəkildə dəyişməyə başlayıb. Bu isə Azərbaycanın Orta Dəhliz, TANAP-TAP və Zəngəzur dəhlizi kimi layihələrdə oynadığı rolu önə çıxarır. Azərbaycanın geoiqtisadi mövqeyi, bu gün siyasi çəkisi ilə üst-üstə düşür. Söz yox ki, enerji diplomatiyasını yalnız iqtisadi gəlir yox, sülh aləti kimi istifadə edən Azərbaycanın mövqeyi beynəlxalq aktorlar üçün də nümunədir", - deyə deputat vurğulayıb.
Parlamentari əlavə edib ki, Azərbaycan nə regionda hegemonluq iddiasındadır, nə də passiv müşahidəçidir:
"Bakı məsuliyyətli bir güc kimi hərəkət edir, dialoqa çağırır, əməkdaşlıq platformaları yaradır, böhranlı vəziyyətlərdə ən optimal həll variantları təklif edən tərəf kimi çıxış edir. Bu, müasir beynəlxalq münasibətlərdə orta güclərin oynaya biləcəyi ən konstruktiv roldur. Bəzən böyük tarixi dönüşlər sakit, lakin ardıcıl addımlarla yazılır. Azərbaycanın bu gün atdığı addımlar, gələcəyin sabit Cənubi Qafqaz arxitekturasının təməlini qoyur".
İsrailli analitik Yuri Boçarov isə Oxu.az-a açıqlamasında Azərbaycanın Yaxın Şərqin xəritəsində unikal və mühüm mövqe tutduğunu deyib:

"Bir tərəfdən, Bakı tarixi, coğrafi və etnomədəni əlaqələri olan İranla qonşudur, digər tərəfdən, Azərbaycan İsrailin regionda ən yaxın və etibarlı strateji tərəfdaşlarından biridir. İsrail bu davamlı əməkdaşlığı yüksək qiymətləndirir. Ölkəmiz Azərbaycanın suverenliyinə və müstəqil xarici siyasətinə hörmətlə yanaşdığını hər zaman vurğulayıb, onun ərəb dünyası və müsəlman ölkələri ilə əlaqələri gücləndirmək səylərini məmnunluqla qarşılayıb. Çünki Bakının regional diplomatiyada, o cümlədən Şərqlə Qərb arasında mümkün körpü rolu son dərəcə vacibdir, həm də arzu edilir".
"İranla coğrafi yaxınlığını və dərin tarixi əlaqələrini nəzərə alaraq, Azərbaycan münaqişənin dolayı nəticələrinin episentrində ola bilər. Çünki artıq İranın sərhəd bölgələrindən bombardmanlardan qaçan mülki əhalinin axını başlayır. İsrail mülki itkiləri minimuma endirmək üçün gələcək zərbələr barədə əvvəlcədən xəbərdarlıq edir. Amma qaçqın axını İranın şimal-qərbinə yayıla və Azərbaycanla sərhədə təsir edə bilər. Bu, humanitar və inzibati hazırlıqların artırılmasını tələb edəcək. Eləcə də, İran Azərbaycanı İsrailə yardım etməkdə ittiham edərək, bundan təbliğat üçün arqument kimi istifadə etməyə cəhd edir. Düzdür, bu, yeni hal deyil, amma yenə də ayıq-sayıqlıq tələb edir. Habelə vəziyyətin gərginləşməsi nəqliyyat və enerji marşrutlarına, İranla ixrac və idxala, həmçinin Xəzər regionunda sabitliyə də təsirsiz ötüşməyə bilər", - deyə ekspert əlavə edib.
Müsahibimiz onu da diqqətə çatdırıb ki, hər şeyə rəğmən, İsrail Azərbaycanın müdrik və məsuliyyətli dövlət olduğuna əmindir:
"Bu baxımdan, risklərə baxmayaraq, Bakı çevik manevr edərək beynəlxalq mövqelərini möhkəmləndirəcək və bu prosesdən də ləyaqətlə, üzüağ çıxacaq".