AZ

“İşçi boş qalan vəzifənin öhdəliklərini yerinə yetirirsə, maaşına…” MÜTƏXƏSSİSDƏN AÇIQLAMA FOTO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda bir çox iş yerlərində adi hala çevrilən qanunsuz bir praktika var: işçilər yalnız öz vəzifə borclarını deyil, eyni zamanda boş qalan vəzifələrin də funksiyalarını icra etməyə məcbur edilirlər. Avtosfer.az xəbər verir ki, bu hal, nəinki əmək hüquqlarının pozulmasıdır, həm də psixoloji və fiziki baxımdan işçilərin istismarına gətirib çıxarır. Amma reallıqda bir çox işçilər, işsizlikdən və alternativ tapmamaq qorxusundan dolayı, bu əlavə yüklənməyə susmaq məcburiyyətində qalırlar. 

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı saytımıza açıqlamasında bildirib ki, son dövrlərdə Azərbaycanda bir çox iş yerlərində müşahidə olunan vəziyyət artıq açıq-aşkar işçi istismarı səviyyəsinə çatıb. 

"İş sadəcə bir əmək funksiyası deyil; onun hüquqi və insani çərçivəsi olmalıdır. Lakin bu gün bir çox hallarda insanlar sistemli şəkildə, bütün hüquqları pozularaq işlədilir. Mövcud vəziyyətdən, xüsusilə işsizliyin artmasından və insanların çarəsiz qalmasından sui-istifadə olunur. İnsanlar, demək olar ki, hüquqsuz bir şəkildə əmək bazarında "qul" statusunda istismar edilir.

Əvvəllər əmək müqaviləsi olmadan çalışmaq geniş yayılmışdı. İndi isə bəzi yerlərdə şərti və formal müqavilələr bağlanır. Lakin həmin müqavilələrin çoxunda işçinin hüquqları ya ümumiyyətlə qeyd edilmir, ya da çox zəif şəkildə ifadə olunur. Əmək müqavilələri yalnız işəgötürənin maraqlarını qoruyur. Halbuki, bu sənəd iki tərəfin hüquq və vəzifələrini bərabər şəkildə təmin etməlidir".

Sosioloq qeyd edib ki, bir çox sektorda, xüsusən də market və xidmət sahələrində bir nəfər işçidən ən azı üç nəfərlik iş tələb olunur.

"Uzun iş saatları, qeyri-insani iş şəraiti və minimal əməkhaqqı bu istismarın əsas göstəricilərindəndir. Səhər saat 7-8-dən axşam 11-ə qədər çalışan işçilər cəmi 15-20 manat alırlar ki, bu məbləğ bir insanın gün ərzindəki yemək və yol xərclərini belə qarşılamır. Əgər bu şəxs ailəlidirsə, vəziyyət daha da faciəvidir. Əmək müqavilələrində işçinin görəcəyi işin konkret təsviri və öhdəlikləri əvvəlcədən qeyd edilməlidir. Əks halda, işəgötürən istənilən vəzifəni işçiyə həvalə edə bilir. Amma işçi bunları müqavilədə açıq şəkildə qeyd etdirməyə çalışsa, adətən işə qəbul olunmur, çünki işsizlər çoxdur və işəgötürənlər alternativ axtarmaqda çətinlik çəkmirlər".

Elçin Bayramlı vurğulayıb ki, hazırkı əmək mühiti insanların yalnız əmək hüquqlarını deyil, ümumilikdə həyat keyfiyyətini də pozur.

"Bu səbəbdən ölkədə əmək qanunvericiliyi kökündən yenilənməlidir. Müstəqil məhkəmə mexanizmləri yaradılmalı, işçilərin hüquqları ilə bağlı konkret cəza tədbirləri tətbiq olunmalıdır. Əks halda, nə ədalətdən, nə hüquqdan, nə də sosial bərabərlikdən danışmaq mümkün olacaq.

Ədalətli və insan yönümlü əmək münasibətləri qurulmadıqca, bu cəmiyyətin sağlam inkişafından danışmaq sadəcə boş söz olaraq qalacaq".

İnsan resursları üzrə mütəxəssis Nüsrət Xəlilovun fikrincə, əgər praktikada belə hallar baş verirsə ki, bəzi şirkətlər işçilərə qanunvericiliyin tələblərinə zidd olaraq əlavə vəzifələr tapşırırsa və bu hallara yol verilirsə, bu, birbaşa olaraq əmək qanunvericiliyinin pozuntusu sayılır.

"Belə ki, Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən, əgər işçi öz əsas vəzifəsi ilə yanaşı, boş qalmış vəzifənin əmək funksiyasını da yerinə yetirirsə və bu vəziyyət üç aydan çox davam edirsə, o halda, həmin işçiyə öz maaşına əlavə olaraq, əvəz etdiyi boş vəzifənin aylıq maaşının azı yarısı qədər əlavə ödəniş verilməlidir. Bu, minimum hədd hesab olunur və işəgötürən istədikdə daha yüksək məbləğdə əməkhaqqı da təyin edə bilər".

Nüsrət Xəlilov sonda vurğulayıb ki, işçiyə həm öz işini, həm də əlavə tapşırıqları yerinə yetirməsinə baxmayaraq, yalnız əsas maaşının verilməsi, əlavə ödənişlərin edilməməsi əmək qanunvericiliyinə ziddir və bu kimi hallar hüquqi məsuliyyət yarada bilər.

Fidan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
avtosfer.az

1Mənbələr