"İsrailin ardıcıl zərbələri, ali rəhbərin psixi durumu və iqtisadi dağılma İranı tarixi dönüş nöqtəsinə gətirib..."
İsraillə İran arasında hərbi qarşıdurma yeni mərhələyə keçib. İranın ali rəhbəri ayətullah Əli Xamenei artıq əsas qərarların qəbulundan kənarlaşdırılıb.
Moderator.az xəbər verir ki, bu barədə İsrailin "cursorinfo.co" nəşri yazıb.
"Iran International" telekanalının məlumatına görə, Xameneinin psixi vəziyyəti İsrailin son hücumları fonunda ciddi şəkildə pisləşib. Qərb kəşfiyyat orqanlarına istinadən bildirilir ki, ölkənin hərbi rəhbərliyi real vəziyyəti Xameneidən onun ruhi durumunun daha da ağırlaşmaması üçün gizlədir.
Xamenei və ailəsi artıq Tehranın şimal-şərqindəki Lavişan bölgəsindəki yeraltı bunkerdə yerləşdirilib. Bu, İsrailin ötən həftə Tehrana endirdiyi zərbələrdən cəmi bir neçə saat sonra baş verib. Mənbələrin sözlərinə görə, bu bunker daha əvvəlki hərbi eskalasiyalar zamanı da Xamenei ailəsinin sığındığı yer olub.
Bütün bu gərginliklər fonunda ABŞ prezidenti Donald Tramp Xameneiyə iki aylıq ultimatum vermişdi: İranın uranın zənginləşdirilməsi proqramı tamamilə dayandırılmalıdır. Ancaq Tehran nə Trampın çağırışına, nə də İsrailin xəbərdarlıqlarına əhəmiyyət verdi. İndi isə İsrail Xameneiyə bir "son şans" verildiyini bildirir: ya nüvə proqramı ləğv olunur, ya da nəticələrə hazır olsun.
Xalq küçələrə axışır
Tehran küçələrində xaos hökm sürür. Yüz minlərlə insan şəhəri tərk edir. Mağaza rəfləri boşdur, yanacaq məntəqələrində uzun növbələr yaranıb. Rəsmi rial misli görünməmiş dəyər itirib, birja fəaliyyəti dayanıb. Artıq ölkədə ərzaq və yanacaq çatışmazlığı, hiperinflyasiya qeydə alınır. Hökumət isə vəziyyətə nəzarəti tamamilə itirib. Yerli medianın yazdığına görə, "rejim təlaşdadır və idarəetmə qabiliyyətini itirib".
İsrailin dəqiq və güclü zərbələri yalnız iqtisadiyyatı deyil, bütün sosial strukturları sarsıdır. İnsanlar kütləvi şəkildə qorxu içindədir, lakin eyni zamanda bu böhranda bir dəyişiklik ümidini də görürlər. Çoxları rejimin çöküşünün yaxınlaşdığına inanır və kütləvi üsyanın hər an başlaya biləcəyini düşünür.
"Diktatorlara son xəbərdarlıq"

İsrail müdafiə naziri İsrael Katc isə sərt bəyanatlarla çıxış edib. O, Xameneiyə xəbərdarlıq edərək deyib: "Qonşu ölkədəki diktatorun aqibətini xatırla. Eyni taleyi yaşamaq istəmirsə, geri çəkilməlisən". İsrail ordusu son günlərdə İranın təbliğat mərkəzlərini və hərbi qərargahlarını vurub.
Müdafiə naziri iddia edir ki, İran Baş Qərargah rəisinin səlahiyyətlərini icra edən şəxs ötən gecə "məhv edilib". Kats həmçinin Tehran sakinlərinə də müraciət edib: "Özünüzü təhlükəyə atmayın. Diktatorun girovuna çevrilməyin. İsrail ordusunun xəbərdarlıqlarına əməl edin və təhlükəli bölgələri tərk edin".
Son zəng
İsrail yalnız İranın nüvə ambisiyalarını deyil, həm də siyasi rəhbərliyini hədəfə aldığını açıq şəkildə bəyan edib. "The Vaşington Post" nəşrinin məlumatına görə, Xameneinin fiziki şəkildə aradan qaldırılması variantı artıq masadadır. Tehran küçələrindəki xaos və Xameneinin bunkerə sığınması isə bu ehtimalın real olduğunu göstərir. İran indi tarixində bəlkə də ən həlledici mərhələyə qədəm qoyur: ya diktatura çökəcək, ya da ölkə daha dərin fəlakətə yuvarlanacaq.