AZ

Erkin İbrahimov: "Sabah"a "Şaxtyor" düşməyibsə, deməli yaxşı püşkdür

BAKI, 17 iyun. TELEQRAF

“Şaxtyor” düşməyibsə, deməli, yaxşı püşk oldu”.

Bunu Teleqraf-a açıqlamasında "Kəpəz" klubunun idman məsələləri üzrə müşaviri Erkin İbrahimov əməkdaşlıq müqaviləsi imzaladıqları Sloveniyanın "Tselye" komandasının Azərbaycan təmsilçisi "Sabah"a UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqib olması barədə danışarkən deyib.

Tanınmış menecer “bayquşlar”ın püşkünü qənətbəxş hesab edib. O, indidən şanslar barədə danışmağın tez olduğunu söyləyib: “Sabah”ın hazırda baş məşqçisi yoxdur. Nə isə demək üçün tezdir. Rəqib çempionatı dördüncü yerdə başa vurub. Son matçlarına baxmamışam. Amma baş məşqçi Albert Rieranın oyun üslubu az-çox bəllidir. Hücum futbolu, pressinqi sevir, müdafiə futbolu oynadan deyil. Bu, bəllidir”.

İbrahimov Masazır təmsilçisinin ötən ay “Kəpəz”lə əməkdaşlığa başlayan Sloveniya klubu ilə oxşar məqamlarından söz açıb: “Hiss etdik ki, çox səliqəli və gözəl təşkil edilən klubdur. Tədricən inkişaf yolunu seçiblər. Bunu nəticələr də gösttərir. Ötən mövsüm Konfrans Liqasında 1/4 finalına qədər gəlib çıxıblar. Orada da “Fiorentina”ya məğlub olublar. Baş məşqçi də Azərbaycanda əksər azarkeşlərin “Qalatasaray”dan tanıdığı ispaniyalı Albert Rieradır. “Sabah”la oxşar klubdur. Orada da uşaq futbolunun inkişafına yönəlik yol seçiblər. Çox cəlbedici klubdur, yaxşı işlər görürlər”.

Qeyd edək ki, "Sabah" ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə iyulun 17-də səfərdə keçirəcək.

Seçilən
3
teleqraf.com

1Mənbələr