İyunun 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Pedaqoji Universitetin Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) birgə həyata keçirdiyi “Məktəbəqədər təhsildə liderlik” proqramının I çağırışı və “Məktəb liderliyi” proqramının II çağırışı üzrə bağlanış mərasimi keçirilib.
Tədbirdə dövlət rəsmiləri, universitet rəhbərliyi, təhsil ictimaiyyətinin nümayəndələri və proqramların məzunları iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin xor kollektivinin ifasında Dövlət Himni səsləndirilib.
Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov qeyd edib ki, liderlik bacarığı bu gün təhsildə ən çox ehtiyac duyulan, eyni zamanda böyük məsuliyyət tələb edən anlayışdır. Rektor XXI əsrin təhsil liderlərinin ərsəyə gəlməsində sahə bilikləri ilə yanaşı, məhz “Məktəb liderliyi” və “Məktəbəqədər təhsildə liderlik” proqramları kimi layihələrin həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli proqram iştirakçılarının əldə etdikləri nəzəri və praktik biliklərin onların gələcək fəaliyyətlərində mühüm rol oynayacağına əminliyini ifadə edib, qarşıda gözləyən vəzifələrdə onlara uğurlar diləyib. Bildirib ki, həm məktəbəqədər təhsil, həm də ümumi təhsil ölkənin intellektual potensialının formalaşdığı baza mərhələləridir. Bu sahələrin gücləndirilməsi, burada çalışan pedaqoji və idarəçi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas tərkib hissəsidir.
Aparat rəhbəri onu da vurğulayıb ki, bu proqramlar vasitəsilə təhsil rəhbərləri müasir idarəetmə bacarıqları ilə yanaşı, liderlik mədəniyyəti, sosial emosional dəstək və komandaların qurulması sahəsində də ciddi bilik və vərdişlər qazanırlar. Bu isə birbaşa təhsil müəssisələrinin daxili mühitinə, tədrisin keyfiyyətinə təsir göstərir.
Daha sonra hər iki proqramın iştirakçısı olmuş, məktəbəqədər və ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışan məzunlar proqramla bağlı təəssüratlarını bölüşüblər.
Sonra məzunlar təltif edilib. Qeyd edilib ki, “Məktəbəqədər təhsildə liderlik” proqramının I çağırışı üzrə 100 nəfər, “Məktəb liderliyi” proqramının II çağırışı üzrə isə 121 nəfər olmaqla, ümumilikdə 221 nəfər məzun olub.
Tədbirin yekun bədii hissəsində tələbələrin ifasında müxtəlif ifalar və kompozisiyalar təqdim olunub.