AZ

Günahkar kimdir: Ölən piyada, yoxsa onu vuran sürücü?

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, 14 iyun tarixində, saat 07:45 radələrində Həsən bəy Zərdabi küçəsində 18 saylı marşrut xətti üzrə avtobusun iştirakı ilə qəza baş verib.

Bu barədə daşıyıcı şirkət məlumat yayıb. Belə ki, piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu qaçaraq keçən 2 nəfər saatda 30-35 kilometr sürətlə hərəkət edən avtobusun qarşısına qəfil çıxıb.

Bu zaman onlardan biri yıxılaraq yolun hərəkət hissəsində qalıb və nəqliyyat vasitəsinə çırpılıb. Ağır xəsarət alan şəxs xəstəxanaya aparılsa da, həyatını itirib. Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır. 

Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin əksəriyyəti avtobus sürücüsünün günahsız olduğunu bildiriblər.

Bu kimi hallarda qanunvericilik nəyi nəzərdə tutur?

Qanunvericiliyə əsasən, yol hərəkəti qaydalarını pozan piyadalar baş verən hadisəyə görə məsuliyyət daşıyırlar. Lakin eyni zamanda, istənilən yol-nəqliyyat hadisəsində sürücünün də məsuliyyəti araşdırılır və onun ehtiyatsızlığı müəyyən olunarsa, cəza tədbirləri tətbiq oluna bilər.

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “Cebheinfo.az”-a bildirib ki, qəzanın səbəbi istintaqla müəyyənləşəcək. 

Onun sözlərinə görə, baş verən qəza ilə bağlı günahkar tərəfi müəyyən etmək səlahiyyəti istintaqa aiddir:

“Bu qəzanın kim tərəfindən törədildiyini və səbəblərini yalnız istintaq müəyyən edə bilər. Hadisə baş verib və hazırda araşdırma aparılır.  İndidən ehtimallar üzərindən danışmaq doğru olmaz. 

Qanunvericilik və dünya təcrübəsində də belədir ki, əvvəlcə istintaq aparılır, daha sonra aidiyyəti qurumlar nəticələri elan edirlər və hadisənin təqsirkarı kimdirsə, hüquqi məsuliyyət daşıyır. Əgər piyada günahkardırsa, o zaman məsuliyyətə cəlb olunur. Əgər sürücünün günahı varsa, əlbəttə ki, o cəzalandırılır. Bu, qanunvericiliyin tələbidir”.

Eldəniz Cəfərov qeyd edib ki, Azərbaycanda məsuliyyətsiz davranışa görə təzminat alınması  praktikasına rast gəlməyib:

“Şəxsən mən Azərbaycanda belə praktikanın tətbiq olunduğunu müşahidə etməmişəm. Ola bilər ki, hansısa hallarda piyadanın məsuliyyətsiz davranışı nəticəsində baş verən qəzaya görə ondan təzminat tələb edilib və s. Amma bu barədə mənim məlumatım yoxdur”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr