525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İstedadlı gənc musiqiçi, Şəki şəhər 3 nömrəli Uşaq İncəsənət Məktəbinin 6-cı sinif şagirdi Ayan Əhmədzadə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən "WORLD TALENT AWARD" beynəlxalq müsabiqəsində fortepiano ifası üzrə birinci yerə layiq görülüb.
Bu günlərdə Bakıda olan 13 yaşlı Ayanla görüşüb böyük uğuru münasibəti ilə təbrik etdik və bizi maraqlandıran suallara ondan cavab aldıq. Uşaqlıqdan musiqiyə həvəsinin olduğunu vurğulayan Ayan Əhmədzadə balaca vaxtından piano oyuncaqları ilə çox oynadığını söylədi:
"Ailədə musiqi ilə məşğul olan tək mənəm.Amma bu sevgini, marağı məndə yaradan onlardır. Babam həmişə radioda muğam qoşardı, onu dinləyərdim. Muğama da xüsusi marağım olub. Uşaq vaxtı mənə tez-tez musiqi ilə bağlı oyuncaqlar alınardı. Ən sevimli oyuncaqlarım piano oyuncaqları idi, onlarla oynayardım.
İlk dəfə bu həvəsimi nənəm kəşf edib. O da valideynlərimlə danışdı və məndəki incəsənət marağını görüb məni musiqi məktəbinin piano şöbəsinə yazdırdılar. Musiqi aləti kimi pianonu seçməyim həm mənim, həm də ailəmin istəyi ilə oldu.
Artıq 6 ildir ki, piano təhsilimi davam etdirirəm. Təhsilim müddətində isə pianonu, eləcə də musiqini mənə daha çox sevdirən 3 saylı Şəki Musiqi Məktəbinin müəllimi Sevinc Cəfərova oldu. Onun sayəsində bu sahəyə həvəsim və özümə inamım daha çox artdı”.
Şəki Azərbaycan mədəniyyətinin qədim köklərinə malik şəhərlərimizdən olsa da, incəsənət mühitinin daha çox formalaşdığı yer şübhəsiz, paytaxt Bakıdır. Bakıdan uzaqda bir yeniyetmənin öz üzərində çalışaraq bu qədər böyük uğurlar əldə etməsi həm sevindirici, həm də qürurvericidir. Ayan isə deyir ki, sevdiyin, inandığın yolda addımlamaq üçün şərait elə də mühüm deyil:
“Təbii ki, Şəkidə Bakıda olan qədər imkanlar yoxdur. Amma bu, elə də böyük problem deyil. Çünki biz əlimizdə olan imkanlardan maksimum şəkildə istifadə etməyi bacarsaq, uğur qazanmağımız daha da asanlaşar. Əsas odur ki, qarşında məqsədin və hədəfin olsun. Mənim də hədəfim yaxşı musiqiçi olmaqdır. Bu sahədə müəllimim və ailəm mənə çox böyük dəstəkdirlər. Onlara bir daha öz təşəkkürümü bildirirəm.
2025-ci ilin yanvar ayında bu müsabiqəyə qatılmaq qərarı aldıq. Bu festival çox yüksək səviyyəyə malik festivaldır. İlk mərhələsini birinciliklə başa vurdum. Festivala dünyanın hər yerindən çox güclü ifaçılar, incəsənət nümayəndələri qatılmışdılar. İlk mərhələdən uğurla keçənləri Londondakı əsas mərhələyə dəvət etdilər. Orada çox gözəl tədbirlərdə iştirak etdik. Final mərhələsində isə “Piano 10-13” kateqoriyası üzrə birinci yerə layiq görüldüm. Bu kateqoriyada tək birincilik məndə idi. İki və üçüncü yerlərə layiq görülənlər isə çox idi.
Düzünü deyim ki, bu müsabiqədən birinciliyi gözləyirdim. Çünki aylarla gecə-gündüz hazırlaşmışdım. Həm də elə müsabiqələr olur ki, rəqiblərini görəndə artıq az-çox müəyyənləşdirə bilirsən nəticənin necə olacağını. Məsələn, bu yaxınlarda Türkiyənin İzmir şəhərində keçirilən bir müsabiqəyə qatılmışdım. Orada rəqiblərim çox güclü idilər. Məndən təcrübəli ifaçılar çox idi. Təbii ki, mən də özümü göstərdim və uğurlu nəticə də əldə etdim.
Amma bu, həm də mənim üçün gözəl bir təcrübə oldu, rəqiblərimdən də nələrsə öyrəndim. Bu müsabiqədə də güclü rəqiblərim var idi, amma buna baxmayaraq, heç həyəcan keçirmirdim, özümə çox inanırdım. Daha çox isə hazırlığıma güvənirdim. Şükür ki, nəticəsi də yaxşı oldu”.
Bu müsabiqə özünün də dediyi kimi, Ayanın heç də qatıldığı ilk müsabiqə və festival deyil. Ayanın bundan öncə də çox böyük uğurları olub:
“Kiçik yaşlarımda rəqslə məşğul idim və bu sahə üzrə müsabiqələrdə iştirak etmişdim. Sonradan isə istiqamətimi dəyişdim. İndi əsas məqsədim pianoçu kimi özümü inkişaf etdirməkdir. 2021-ci ildə Ukraynada keçirilən müsabiqədə 2-ci yerə, ondan 2 ay sonra isə Ümumrusiya miqyaslı yarışda 1-ci yerə çıxdım. Eyni zamanda Şəki başda olmaqla, ölkəmizin müxtəlif şəhərlərində keçirilən festivallarda iştirak edirəm”.
Müsahibim gələcəkdə karyerasını piano üzrə qurmaq arzusundadır. Hədəfləri də bu yöndədir:
"Musiqi insanda hər sahəyə maraq, stimul, həvəs yaradır. Mən çalışıram ki, özümü musiqinin hər janrında sınayım. Çünki yaxşı ifaçı olmaq istəyirəmsə, hər bir janrdan məlumatlı olmalıyam. Bu, həm də özünü daha yaxşı kəşf etməyə kömək edir ki, səndə hansının daha yaxşı alındığını bilmiş olasan. Mənim ruhuma ən doğma janr isə klassik musiqidir. Demirəm, məndə ən yaxşı alınan budur. Çünki düşünürəm ki, çalışsam, digər janrlar da məndə yaxşı alınar. Musiqini çox sevdiyim üçün onun məndən ötrü çətin tərəfi yoxdur. Mən ifa edərkən zövq ruhən, qəlbən alıram”.
Şəki şəhər 8 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi olan Ayanın orta məktəb dərslərinə olan münasibəti də təqdirəlayiqdir. Az yaşına rəğmən, hansı sahəni davam etdirməsindən asılı olmayaraq, təhsilin, dünyagörüşünün bir insan üçün prioritet məsələlərdən olduğunu anlayan müsahibim əlaçıdır. Amma musiqi təhsilini akademik səviyyədə davam etdirmək niyyətindədir:
"Bu müsabiqələrə hazırlaşmaq təbii ki, məndən zaman istəyir. Buna görə bəzən orta məktəb dərslərimi buraxmalı olurdum. Ancaq bilirəm ki, harada olsam da, mütləq orta məktəb biliklərimi ən yaxşı şəkildə almalıyam. Qiymətlərim də yaxşıdır. Sağ olsunlar, həm məktəb rəhbərliyi, həm müəllimlərim, həm də sinif yoldaşlarım mənə çox dəstəkdirlər.
Hazırda hansı qrup üzrə imtahanda iştirak edəcəyimi bilmirəm. Çox güman ki, ilkin olaraq Asəf Zeynallı adına Musiqi Kollecində təhsilimi davam etdirəcəyəm. Sonra isə xarici ölkələrin birində konservatoriyada təhsil almaq arzusundayam”.
Müsahibəmizin sonunda gənc ifaçı uğurunun sirrini də bölüşdü:
"Uğur qazanmaq üçün hər kəs qarşısına məqsəd qoymalıdır. Bu məqsədə çatmaq üçün çox çalışmalıdır. Gecə-gündüz işləməlidir. Eyni zamanda, həvəs də olmalıdır. Həvəs olmasa, insanda heç nə alınmır".
Şahanə MÜŞFİQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.