AZ

İran xalqı Netanyahunun sözü ilə inqilab edər? - Bəs Pezeşkianın yəhudilərə müraciəti?


Abutalıb Səmədov: “Bu cür çağırışların hələlik heç bir nəticəsi yoxdur”

Məlum olduğu kimi, İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək, onları hökumətə qarşı üsyana çağırıb. İran prezidenti Məsud Pezeşkian da öz növbəsində İsrail hərbçilərinə müraciət edib ki, hakimiyyəti öz əlinizə alın.

Yəni Netanyahu İran xalqına müraciət edib ki, durub mollalara qarşı üsyan edin. Pezeşkian da yəhudi hərbçilərinə müraciət edib ki Natenyahunu devirin və hakimiyyətə gəlin. Bunların bu çağırışlarının hansısa nəticəsi ola bilərmi?

İranda vəziyyət bir az da ağırlaşsa, ABŞ da aktiv şəkildə bu prosesə qoşularsa...”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində “İki ay bundan əvvəl Tramp İranın dini liderinə müraciət etdi və təklif etdi ki, ABŞ-la nüvə proqramı ilə bağlı razılaşma imzalasın. Bu razılaşmanın hansı şərtlərlə imzalanmalı olduğunu da söylədi. Eyni zamanda İrana 60 gün də vaxt verdi. Bu müddətdə ABŞ-ın nümayəndələri ilə İranın rəsmi şəxsləri arasında, birbaşa olmasa da, danışıqlar aparıldı, 5 görüş keçirildi və 6-cı görüş də bu günlərdə baş tutmalı idi. Ancaq İsrailin İrana endirdiyi zərbələrdən sonra, təbiidir ki, görüş də alınmadı”-deyə bildirdi.

A.Səmədovun sözlərinə görə, ABŞ tələb edirdi ki, İran uranı zənginləşdirən obyektləri bağlasın, yalnız dinc məqsədlərlə urandan istifadə etsin və bunu da ya Rusiyadan, ya da başqa dövlətdən alsın, özü uranı zənginləşdirməsin: “Çünki dinc məqsədlərlə istifadə olunan uran maksimum 20 faiz zənginləşdirilə bilər. Atom elektrik stansiyaları üçün 3, 7 faiz uranın zənginləşməsi tələb olunur. Müəyyən dərmanların istehsalı üçün də uranın 20 faiz zənginləşdirilməsinə ehtiyac var. Ancaq məlumdur ki, MAQATE (Beynəlxalq Atom Agentliyi) uranın İran tərəfindən öz müəssisələrində 60 faizə qədər zənginləşdirildiyini müəyyən edib. Bu da, təbiidir ki, ABŞ-ı da, digər dövlətləri də ciddi şəkildə narahat edir və belə bir iddia var ki, İran iki həftə ərzində atom silahı istehsal edə bilər.

İran ABŞ-ın təklifini qəbul etmədi və uranın zənginləşdirilməsinin öz ölkəsində davam edəcəyini dedi, 60 günün tamamında İsrail İrana gecə zərbələr endirdi, bir neçə yüksək vəzifəli şəxs qətlə yetirildi, nüvə üzrə görkəmli mütəxəssislər öldürüldü və İranın nüvə obyektlərinə zərbələr endirildi. Bu proses hələ bitməyib. İsrail İrana zərbələr endirməkdə davam edir. İran da, təbiidir ki, əks-zərbələr endirir. Ancaq burda bir məsələ var ki, İranın atdığı raketlərin böyük hissəsi ABŞ və İsrail hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilir. İlk gün İsrailə atılan raketlərin təqribən 92 faizi zərərsizləşdirilib”.

A.Səmədov qeyd etdi ki, buna baxmayaraq, qarşılıqlı zərbələr davam edir: “Bu zərbələrin endirilməsi prosesində Netanyahu İran xalqına müraciət etdi, onları küçələrə çıxmağa və bu rejimi devirməyə çağırdı. "Azad olun", "demokratik dövlət qurun" dedi. Təbiidir ki, bu cür çağırışların hələlik heç bir nəticəsi yoxdur. Ola bilərmi? Ola bilər. Əgər İranda vəziyyət bir az da ağırlaşsa, ABŞ da aktiv şəkildə bu prosesə qoşularsa (hələlik iddia edir ki, mən zərbələrin endirilməsidə iştirak etmirəm. Ancaq hər an qoşulmaq ehtimalı var-A.S) Netanyahunun çağırışının İran əhalisinə təsiri gözləniləndir. Tramp da deyib ki, əgərİran tərəfindən ABŞ-ın hər hansı bir obyektinə hücum olarsa bunun cavabı veriləcək. Eyni zamanda İran hakimiyyətinin nümayəndələri İsrail xalqına müraciət edib, hərbiçiləri Netanyahunu devirməyə çağırıb. Bunun, təbiidir ki, heç bir nəticəsi ola bilməz. Çünki aparılan təbliğat İsrail əhalisini, hərbiçiləri, hakimiyyət nümunələrini eyni mövqedə birləşdirib. Hər biri İranın nüvə silahına malik olmasının İsrail dövləti üçün nə qədər böyük təhlükə törədəcəyini anlayır və burda onların düşüncəsini dəyişmək çox çətindir. Ancaq İranda müəyyən etiraz tədbirləri keçirilə bilər. Bu indimi, gələcəkdəmi baş verəcək, bunu zaman göstərəcək. Ancaq bir şey aydındır ki, əgər bu zərbələr davam etdirilsə, bundan sonra İrana qarşı sanksiyalar tətbiq olunsa əhalinin vəziyyəti çox çətinləşəcək. Təkcə bir faktı demək kifayətdir ki, 2018-ci ildə Trampın hakimiyyəti dövründə ABŞ İranla imzalanan müqavilədən imtina etdi və İrana qarşı sanksiyalar tətbiq etdi. 2019-cu ildə İranda iqtisadiyyat kəskin şəkildə aşağı düşdü və aradan 7 il keçməsinə baxmayaraq, hələ də İran iqtisadiyyatı 2018-ci il səviyyəsinə çata bilməyib. Bu da, təbiidir ki, sadə insanların həyatına çox ağır təsir edir. Əgər yenidən sanksiyalar tətbiq olunsa, İranda ciddi narazılıqların başlayacağı istisna olunmur. Dünyada çoxlu dövlətlər maraqlıdır ki, İran İslam Respublikasında rejim dəyişikliyi baş versin. Bir tərəfdən çağırışlar edilir, digər tərəfdən xaricdə məskunlaşan İran müxalifətini fəallaşdırmağa çalışırlar. Ancaq bu müxalifət hakimiyyətə gələcək gücdə deyil və İran hakimiyyəti üçün elə bir təhlükə törətmir. Ancaq gələcəkdə nəyin baş verəcəyini, İranda başlayacaq etiraz tədbirlərinin hansı nəticələr törədəcəyini bu gün qəti şəkildə demək çox çətindir. Hər şey ola bilər. İran çox ciddi təhlükələr qarşısındadır və qısa müddətdə ABŞ-la nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək İranın maraqlarına cavab verir”.

İradə SARIYEVA

Seçilən
12
baki-xeber.com

1Mənbələr