AZ

Azərbaycan yeni güc mərkəzləri arasında manevr axtarır - Şuşadan mesaj...


Xaqani Cəfərli: "İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamı dağıldığı üçün yeni dünya nizamının formalaşması təbii bir prosesdir"

İyunun 15-də - Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.

Prezidentin müraciətində deyilir: "Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır".

Yeni güc mərkəzləri ilə münasibətlərdə Azərbaycan necə bir seçim qarşısındadır?

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Xaqani Cəfərli bildirdi ki, yeni dünya nizamına keçidin müşahidə olunması ilə bağlı prezident İlham Əliyevin fikirləri tam doğrudur: "İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamı dağıldığı üçün yeni dünya nizamının formalaşması təbii bir prosesdir. Lakin yeni güc mərkəzləri ilə bağlı məsələnin aydınlaşdığını düşünmürəm. Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi əməliyyatlar, İsrailin İrana qarşı hərbi zərbələri güc mərkəzləri və ya regional lider hesab olunan dövlətlərin mövqeyinin sabit olmadığını göstərir. Qənaətimcə, şərti olaraq Qərb bloku adlandıra biləcəyimiz güc mərkəzi, Rusiyanın Ukraynaya qarşı müharibəsinin, İsrail-İran münaqişəsinin nəticəsindən asılı olmayaraq, daha da güclənəcək. Rusiya, İran, Çin və Şimali Koreyanın aid edildiyi Şərq bloku çox böyük itkilər verib. Üstəlik, bu itkilər davam edir. Qərb bloku isə, demək olar ki, heç bir itki verməyib. Üstəlik, son hadisələr süni intellektlə idarə olunan texnologiyaların nə qədər həlledici rol qazanmağa başladığını göstərir. Süni intellekt sahəsində Qərbin müstəsna üstünlüyü var və bu üstünlük qarşıdakı üç ildə daha da artacaq. Texnologiyanın, sərmayənin daha da təmərküzləşməsi müşahidə olunur. Dünyanın ən nüfuzlu elm adamları və texnologiya mütəxəsisləri hər bir dövlətin inkişaf üçün qısa zamanının olduğu, bu zamanı qaçıranların çağdaş dünyadan qopacağı ilə bağlı xəbərdarlıq edirlər. Belə bir vəziyyətdə, texnologiya və sərmayənin təmərküzləşdiyi qütbə alternativ güc qütbünün yarana biləcəyini mümkün hesab etmirəm. Türk Dövlətləri Təşkilatı kimi regional birliklər yarana bilər və yaranacaq. Ancaq belə birliklərin texnologiya və sərmayənin təmərküzləşdiyi qütbə alternativ olmaq şansı yoxdur".

Akif NƏSİRLİ

Seçilən
4
baki-xeber.com

1Mənbələr