BAKI,TurkicWorld
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE), İsrailin 13 iyun tarixində İrana qarşı həyata keçirdiyi hücumlar nəticəsində Natanz Nüvə Obyektinin yeraltı hissəsində də zədələnmələrin aşkarlandığını bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə Agentliyin X sosial media platformasında paylaşım edilib.
Açıqlamada qeyd olunub ki, 13 iyun hücumlarından sonra əldə edilən yüksək keyfiyyətli peyk görüntülərinin təhlili nəticəsində Natanz obyektinin yeraltı hissəsində, uranın zənginləşdirilməsi prosesinin həyata keçirildiyi sahələrdə, hücumun birbaşa təsirlərini göstərən əlavə sübutlar müəyyən edilib.
Açıqlamada həmçinin vurğulanıb ki, İsfahan və Fordo şəhərlərində yerləşən nüvə obyektlərində hər hansı bir dəyişiklik qeydə alınmayıb.
MAQATE-nin baş direktoru Rafael Mariano Qrossi əvvəlki bəyanatında Natanz Yanacaq Zənginləşdirmə Obyektinin yerüstü hissəsinin İsrailin hücumları nəticəsində məhv edildiyini, lakin yeraltı bölmələrə birbaşa fiziki zərbə endirildiyinə dair hər hansı əlamətin müşahidə olunmadığını bildirib.