AZ

Rasim Balayev kolbasa reklamında...QINANMAMALIDI


Mətanət Məmmədova: “Əsas olan insanın qərarıdır – cəmiyyət isə yalnız hörmət etməlidir”

Xalq artisti Rasim Balayev kolbasa reklamına çəkildiyinə görə qınanır. Aktyor onu qınayanlara adəti üzrə sərt cavab verib. “Deyir, Rasim Balayev nə günə qalıb ki, gedib kolbasa reklamına çəkilir. Reklamdır da bu. Neçə ildir çəkilmirəm. Kamera üçün darıxmışam, reklama çəkilirəm. Kino çəkilmir, ortada normal iş yoxdur. Bədbəxt aparıcı var, deyir ki, Rasim Balayev yoxdur, “ölüb”. Kino var ki orada çəkiləm. Ssenari, yaxşı rejissor olmasa, alınmaz. Bu, kollektiv sənətdir. Onsuz da mən də, sən də öləcəyik, ay bədbəxt! Düşük-düşük çıxıb danışmağa görə bu gündəyik”. Qaynarinfo-ya açıqlamasında da xalq artisti bütün dünyada aktyor və aktrisaların reklama çəkildiyini və bundan qazanc əldə etdiyini bildirib: "Əcəb edib çəkilmişəm, vəssalam. Təklif olunub, mən də qəbul etmişəm". 
Rasim Balayevin kolbasa (“Rosko” kolbasaları) reklamına çəkilməyi niyə bəzi insanlarımızı narahat edir? Və niyə hansısa teleaparıcı Rasim Balayev haqqında ədəb-ərkana sığmayan ifadələr işlədir (əgər həqiqətən belədirsə - M.R.)? Fərz edək ki, aparıcı “reytinq” ovundadır. Rasim Balayevi mərkəzə gətirməklə özü gündəmdə qalmaq istəyir. Ondan danışsınlar, açıqlaması çox baxılsın, baxış sayı çoxalsın və sair. Bəs başqalarına nə düşüb? Aktyor reklama çəkildiyinə görə qınanmalıdırmı? Azərbaycan insanının psixologiyası və hadisələrə yanaşma tərzi, tutduğu mövqe özünəməxsusdur. Bir məsələ var: insanlar qəhrəmanını ya kürsüdə görmək istəyir, ya da dar ağacında. Tam da budur bizim insanların təfəkkürü. Maksimalistik bir mənada. Xalq artisti “acından ölsə də” reklama çəkilməməlidir. “Yaltaqlıq” etməməlidir. Kiminsə qarşısında əyilməməlidir. Halbuki bunların hər biri baş verir. Və cəmiyyət də bunları qəbul edir. Amma hərdən də kin, nifrət püskürməyə başlayır. Xalq artisti Rasim Balayev son illərdə insanların hədəfinə tuş gəlib. Səbəbini doğru-düzgün təyin etmək də olmur. Yuxarıda dediyimiz əsaslardan reklama çəkilən tək Rasim Balayev deyil. Xalq artistinin özünün də dediyi kimi, dünyada belə təcrübə Nuh əyyamından mövcuddur. "Cola" da reklam edirlər, "Pepsi", "Fanta", uşaq bezləri də. O boyda “Sultan Süleyman”nın (Halit Ergenç) zövcəsi Bərgüzar Korel uşaq bezi reklam etməkdən nə bezir, nə yorulur. Kıvanc Tatlıtuğumu deyək, Seda Sayanımı deyək... Köhnələrdən də, məsələn, Kadir İnanır “keçi” reklamına çəkilmişdi bir vaxtlar. Bizim aktyorlar da həmçinin. Bəhram Bağırzadə, Cabir İmanov kərə yağı reklamı (Rusiya istehsalı olan), “Yuxu kimi” serialından tamaşaçıya tanış olan Pərvanə Qurbanova da uşaq bezi reklamında çəkilib. Nə olsun? Bu da biznesin bir növü, qazanc əldə etməyin bir üsuludur. Reklamdan reklama fərq var, düşüncəsi ilə hərəkət edirsə cəmiyyətimizin bəzi üzvləri, kolbasa məgər pis məhsuldur? Ölkə əhalisinin 90 faizi kolbasa məmulatları ilə dolanır. Yeyəndə yaxşıdı, reklam edəndə pis? “Komedixana” aktyorlarının hamısı sponsorların məhsullarını reklam edirlər. Reklam məhsullarının ziyanlı-ziyansızı bölgüsünü aparsaq, birincinin üstün olacağı şübhəsizdir. Rasim Balayevsə bəlkə ona görə tənqidə məruz qalır ki, tamaşaçı onu yalnız xalq qəhrəmanları obrazında görüb, sevib və başqa heç bir obrazı qəbul etmir? 


Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bəzi insanlarda kult sevgisi möhkəmdir: 

- Bu cür insanlar sevdikləri şəxsin mənfi keyfiyyətlərini görmür və ya görmək istəmir. Ona əvəzsiz bir şəxs kimi baxır. Bu, şəxsiyyətə pərəstiş deməkdir. Rasim Balayev təkcə Azərbaycan tamaşaçısı üçün deyil, ümumiyyətlə, Azərbaycan insanı üçün Nəsimidir, Babəkdir, Beyrəkdir, Cavid əfəndidir. Reallıqsa başqadır. Rasim Balayev aktyordur və istedadlı aktyordur. O, Nəsimi, Babək obrazlarını yaratdığı kimi “Həm ziyarət, həm ticarət”də Davud obrazını da məharətlə yaradıb, “Otel otağı”nda Sədiyar obrazını da. Hesab edirəm ki, hazırkı dövrdə kiminsə bacarığından, mənsub olduğu istedaddan, ixtisasından qazanc əldə etməsinə normal baxılmalıdır. Rasim Balayev nə qədər təqaüd alır, fəxri ada, təltiflərə görə nə qədər əlavə təqaüd alır, bunun məsələyə dəxli yoxdur. Bəlkə o, həmin reklamdan çox cüzi qazanc əldə edir, bəlkə heç qazancı da yoxdur. Amma insan qərarı özü verir. Cəmiyyət olaraq bizim vəzifəmiz insanların seçiminə hörmətlə yanaşmaqdır. 

Seçilən
3
sherg.az

1Mənbələr