İsrail və İran arasında gərginlik artdıqca, bu qarşıdurmanın Azərbaycana mümkün təsirləri də gündəmə gəlir. Məsələ yalnız regionda sabitliyin pozulması ilə məhdudlaşmır. Söhbət həm də İranda yaşayan 40 milyona yaxın soydaşımızın taleyindən gedir.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib.
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, İsrail və İran arasında yaşanan qarşıdurma bir sıra səbəblərə görə bizi dərindən narahat edir:
“Təkcə ona görə yox ki, İsrail Azərbaycan üçün tərəfdaş, İran isə qonşu dövlətdir və bu iki ölkənin müharibə vəziyyətində olması hər iki tərəflə həyata keçirilən layihələri təhlükə altına qoyur. Həm də ona görə ki, bu ölkədə 40 milyona yaxın soydaşımız yaşayır və İrana qarşı uzunmüddətli, genişmiqyaslı müharibə Azərbaycana qaçqın axınına səbəb ola bilər. Bu isə, öz növbəsində, ölkəmiz üçün ciddi humanitar problem yarada bilər. Onların yerləşdirilməsi, ərzaq və digər zəruri vasitələrlə təmin olunması Azərbaycan üçün istər-istəməz əlavə çətinliklər doğuracaq.
Bu baxımdan, hazırda bizim üçün ən vacib məsələ cənubdakı soydaşlarımızın təhlükəsizliyidir. Məlumdur ki, İsrail tərəfi Təbriz və digər azərbaycanlıların yaşadığı şəhərlərə də hava hücumları təşkil edir. Düzdür, bu hücumların hədəfi hələlik hərbi obyektlərdir. Lakin bu da soydaşlarımız arasında təbii olaraq ciddi narahatlığa səbəb olur.
Düşünürəm ki, İsraillə münasibətlərimizdən istifadə edərək İranda azərbaycanlıların şəhərlərinin hədəfə alınmaması ilə bağlı müəyyən addımlar atmaq mümkündür. Əgər bu baş tutmasa və nəticədə ölkəmizə qaçqın axını baş verərsə, o zaman soydaşlarımıza qucaq açmağa hazır olmalıyıq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta