AZ

İqtisadiyyat naziri OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak edib, bir sıra görüşlər keçirib

İqtisadiyyat naziri Vyanada OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində panel sessiyada çıxış edib, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Səudiyyə İnkişaf Fondu, Küveyt Ərəb İqtisadi İnkişaf Fondu ilə əməkdaşlığa dair müzakirələr aparıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Vyanada keçirilən OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində panel sessiyada çıxış edib, bir sıra görüşlər keçirib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Forum çərçivəsində təşkil edilən “Resursların dayanıqlılığının təşviqi” adlı panel sessiyada çıxış edib. Tədbirdə enerji, su və qida sistemlərinin qarşılıqlı əlaqələrindən düzgün istifadə olunmasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, dayanıqlı inkişaf öhdəliklərinə əməl olunması, karbonsuzlaşma, iqlim fəaliyyətini sürətləndirən tərəfdaşlıqların gücləndirilməsi, innovativ həllərin tətbiqi kimi faktorlar bu kontekstdə önəm kəsb edir. Bu sahədə Azərbaycanın təşəbbüsləri və həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Sənaye İnkişafı Təşkilatının baş direktoru Gerd Müllerlə görüşüb. Görüşdə sənaye sektorunun inkişafı, dayanıqlı iqtisadiyyatın təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsində təşkilatla tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Ölkəmizin iqtisadi prioritetləri barədə məlumat verilib, gündəlikdə olan məsələlər nəzərdən keçirilib.

Ərəb Koordinasiya Qrupuna daxil olan Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşadla görüşdə Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın bir çox sahələr, o cümlədən bərpa olunan enerji üzrə inkişafından məmnunluq ifadə olunub. Səudiyyə İnkişaf Fondunun ölkəmizdə həyata keçirdiyi infrastruktur layihələrinin önəmi qeyd olunub. Tərəflər sənaye, yaşıl enerji, rəqəmsal infrastruktur, nəqliyyat, logistika və digər istiqamətlərdə investisiya tərəfdaşlığı perspektivlərini dəyərləndiriblər.

Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun baş direktoru vəzifəsini icra edən Valid Əl-Baharla görüşdə  Küveytlə iqtisadi, ticarət və sərmayə sahələrində əlaqələrin inkişafı diqqətə çatdırılıb. Fondla işbirliyinin genişləndirilməsi, maliyyə mexanizmlərindən istifadə imkanları barədə fikir mübadiləsi aparılıb. Azərbaycanda prioritet layihələr üzrə investisiya əməkdaşlığı potensialı nəzərdən keçirilib.

Seçilən
6
8
xalqqazeti.az

9Mənbələr