AZ

Azərbaycanda Pensiya YENİLİKLƏRİ

Ölkədə “Qeyri-dövlət (özəl) pensiya fondları” haqqında qanun layihəsi hazırlanır. Özəl pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsinin də hazırlandığı bildirilir.

Dövlətin pensiya fondu olduğu halda özəl pensiya fondlarına nə ehtiyac var? Özəl pensiya fondlarını kim yaradacaq: sahibkar, bankir, şirkət?.. Dövlətin pensiya fonduna ödəniş edən şəxs arxayındır ki, yaşlananda pensiyasını ala biləcək, qarant dövlətdir. Bəs gənc yaşında özəl pensiya fonduna ödəniş edən şəxs necə arxayın ola bilər ki, həmin özəl fond onun yaşlı vaxtında, tutalım, 40 il sonra da fəaliyyətdə olacaq, pensiyasını həmin fonddan ala biləcək? Özəl təşkilatların Azərbaycanda uzun müddət duruş gətirəcəyinə əmin olmaq mümkündürmü?

Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, özəl təqaüd fondları ilə bağlı uzun müddətdir müzakirələr aparılır. Onun sözlərinə görə, bu qanun layihəsinin hansı parametrlər üzrə hazırlandığı barədə ictimai məlumat, təəssüf ki, çox azdır: “Mən şəxsən özəl təqaüd fondlarının yaradılmasının tərəfdarıyam. Bu barədə dəfələrlə ictimai çıxışlarımda da fikirlər səsləndirmişəm. Belə fondların yaradılması rəqabətli mühiti gücləndirəcək və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yeganə vahid oyunçu olması vəziyyətinə son qoyacaq. Amma təbii ki, burada risklər də mövcuddur. Əgər özəl təqaüd fondları yaradılacaqsa, ilk növbədə onların sığortalanması məsələsi həll edilməlidir ki, vətəndaşlar bu fondlara vəsait ödədikdən sonra hər hansı problem yaşanarsa, bundan əziyyət çəkməsinlər. Yəni sığortalama məsələsi mütləq şəkildə tənzimlənməlidir. Özəl təqaüd fondları fərdi müqavilələr bağlamalı, vətəndaşlara daha çox üstünlüklər təklif etməlidir ki, sağlam rəqabət mühiti formalaşsın”.

İqtisadçı qeyd edib ki, eyni zamanda bu fondlar yatırım üçün əlverişli istiqamətlər müəyyənləşdirməlidir: “Çünki bu fondların əsas funksiyası vəsait toplayaraq yatırım etmək və qazanc əldə etməkdir. Başqa funksiyaları yoxdur. Buna görə də, əgər belə fondlar yaradılacaqsa, Azərbaycan daxilində investisiya mühiti genişləndirilməlidir ki, həmin vəsaitlər ölkə daxilində istifadə olunsun. Əgər fondlar topladıqları vəsaiti xaricə yönəldəcəksə, bu da gələcəkdə müəyyən problemlər yarada bilər.

Bu məsələnin həm müsbət, həm də mənfi tərəfləri var. Əsas odur ki, hökumət məsələyə həssas yanaşsın, vətəndaşın hüquqları prizmasından baxsın. Yalnız bu halda uğurlu və səmərəli bir qanunvericilik aktı ortaya çıxarmaq mümkün olacaq”.


Seçilən
13
news24.az

1Mənbələr