525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Telman ORUCOV
(Əvvəli ötən cümə sayımızda)
1954-cü ildə Beynəlxalq Neft Konsorsiumu ilə müqavilə bağlandı. Neft sənayesi yenə də ingilis və amerikan şirkətlərinin əlinə keçdi və 1951-ci ildəki milliləşdirmə barədəki qanun ləğv edildi.
Milliləşmə şüar kimi xalqı özünə cəlb etsə də, düşünülməmiş tədbir idi. Neft sənayesində milli mühəndis kadrlar yox idi və fəhlələr də istehsaldan baş çıxarmırdı. Qısa müddətdə neft sənayesi tənəzzülə uğradı və istehsal az qala sıfıra endi. Çünki ingilis mütəxəssisləri ölkəni tərk etmişdilər.
1957-ci ildə ABŞ-ın Mərkəzi Kəşfiyat İdarəsinin və İsrailin Mossadının köməyi ilə İranda SAVAK adlı gizli siyasi polis yaradıldı və bu orqan müxalifəti təqib etməklə məşğul oldu və Evin məhbəsi dəhşətinə görə xüsusi «şöhrət» tapdı. Şah artıq amerikanların ətəyindən yapışmışdı. 1971-ci ildə İran qoşunları Ormuzd boğazında üç adanı işğal etdi.
1963-cü ildə şah radikal iqtisadi və sosial islahatlar barədəki proqramı həyata keçirməyə başladı. Onun mühüm hissəsi torpaq islahatı idi. Neft pulları hesabına mülkədarlardan torpaq alınıb, üç dəfə ucuz qiymətə və uzun müddətli kredit əsasında torpağı becərən kəndlilərə verildi. Şahın özü də bu islahat hesabına çox böyük torpaq sahəsinə sahib oldu. Kəndlilər də qazandılar, 1970-ci ilə qədər 1,2 milyon kəndli ailəsi torpaq almışdı.
1978-ci ildə İranda kütləvi narazılıqlar başlandı. Ağır xəstə olan şah inqilabın meydana gəldiyi bir vaxtda idarəçiliyə olan iradəsini və qətiyyətliliyini itirmişdi.
1979-cu ilin yanvarında Məhəmməd Rza Pəhləvi şəxsi təyyarəsində Tehranı tərk etdi. Həm də bəyan etdi ki, ölkəsinə qayıdacaqdır. Bu vaxt üsyan başlandı, xalqın etirazı üçün çoxlu səhvlər də buraxılmışdı. 16 yanvar 1979-cu ildə monarxiyanın qəti süqutu baş verdi. Artıq ayatolla Xomeyni İranda yeni, dini rejim yaratmışdı, ölkə teokratik dövlət kimi idarə olunmağa başlandı.
Şah əvvəlcə Misirə getdi, sonra Mərakeşdə və Meksikada sürgündə oldu. İslam hakimiyyəti isə onun verilməsini tələb edirdi.
Şah bu vaxt limfa vəzləri xəstəliyindən əziyyət çəkirdi. ABŞ-da müalicə olunarkən, 1979-cu ilin noyabrında tehranlılar ABŞ səfirliyini tutdular və diplomatları əsir götürdülər. Şaha Misirdə sığınacaq verdilər və 1980-ci ilin yanvarında o, öldü.
Məhəmməd Rza Pəhləvi üç dəfə evlənmişdi, birinci arvadı Misir kralı Fuadın qızı idi. İkinci arvadı Sürəyya ona varis doğa bilmədiyindən boşandı. Üçüncü arvadı Fərəh Diba ona Rza Sirus adlı oğul (1960-cı il), Ağa Rza adlı oğul (1965-ci il) və Leyla adlı qız (1970-ci il) doğmuşdu. Qızı Leyla 2000-ci ildə, oğlu Ağa Rza isə 2011-ci ildə öldülər.
Birinci oğlu Rza Pəhləvi şahın qanuni varisi hesab olunur və taxt-tac iddiasını tez-tez dilinə gətirir.
Pəhləvi sülaləsi əsrin əvvəlində meydana gəlib, sonuna yaxın məhv oldu. Onun vur-tut iki nümayəndəsi taxt-tacda oldu, birincisi sürgün olundu, ikincisini isə inqilab devirdi.
Pakistandakı Bhutto ailəsi
Hindistan Milli Konqres partiyasının liderlərindən biri, Mahatma Qandinin yaxın silahdaşı Məhəmməd Əli Cinna qatı müsəlman idi və Hindistanın dini fərqə görə parçalanmasının əsas təşəbbüsçüsü idi. 1947-ci ildə Hindistan müstəqillik qazandıqda, Cinna bu ölkədən ayrılıb, yeni müsəlman dövləti yaratmaq ideyasını irəli sürdü və bunun həyata keçirilməsinin dini düşmənçiliyə aparacağına məhəl qoymadan öz arzusunu həyata keçirmək üçün hər şeyi qurban verməyə hazır idi. Hələ 1934-cü ildən Hindistandakı Müsəlman Liqasının lideri olmuşdu. Pakistan, Hindistanın müsəlman əhalisinin yaşadığı qərbi və şərqi hissədə yerləşən, bir-birindən xeyli aralı olan ərazilərdən ibarət idi. Şərqi Pakistan Benqal körfəzində yerləşirdi.
Məhəmməl Əli Cinna Böyük Britaniyanı dominiyonu kimi yeni yaranan Pakistanın bir illiyə qubernatoru oldu, 1948-ci ildə isə öldü. Yalnız 1956-cı ildə Pakistan müstəqil dövlət kimi tanındı.
Cinna bu fəaliyyətində pretsedentə də əsaslanırdı. XIX əsrdə Böyük Britaniya Hindistanının xarici işlər naziri olan Durmandın idarəçiliyi əsasında Əfqanıstan Hindistandan ayrılıb, müstəqil dövlətə çevrilmişdi. Əfqanıstan siyasi həyatında puştunlar mühüm rol oynadığı halda, Durmandın çəkdiyi sərhəd xətti ilə müstəqil Əfqanıstanda puştun azlığı yaşamalı olmuş, Hindistanda (indiki Pakistan ərazisində) isə puştunlar çoxluq təşkil etmişdilər. Puştunlar sonralar Pakistanda siyasi narahatlıqlar yaratmaq üçün əslində yanacaq rolunu oynamışdılar.
Məhəmməd Əli Cinna lider kimi öz məqsədinə nail oldu və onun səyi nəticəsində gec də olsa müstəqil Pakistan Respublikasını yarandı. Dövlətin adı da «Pak insanların vətəni» mənasını verirdi. Lakin onun yaratdığı dövlət daim turbulentlikləri ilə seçilməyə başladı. Böyük Britaniya imperiyasından ayrılan iki müstəqil dövlət arasında sərhəddəki əraziyə bütünlüklə sahib olmaq üstündə müharibələr getdi. Bu ərazi isə Cammu və Kəşmir əyaləti idi, bura Karakorum dağının ətəyində yerləşməklə, Hindistanın ştatı idi. Onun ərazisinin bir hissəsinə Pakistan nəzarət edirdi. 1947-ci, 1965-ci və 1971-ci illərdə Hindistanla Pakistan arasında qısa müddətli müharibələr baş verdi.
Son müharibədən sonra Pakistanda daxili vəziyyət də kəskinləşdi. 1971-ci il seçkilərində ölkənin qərbli siyasətçilərin gözlədiklərinin əleyhinə, Mucibur Rəhmanın başçılıq etdiyi Şərqi Pakistandakı partiya parlament seçkilərində qalib gəldi. Axı o, Şərqi Pakistan milli hərəkatının lideri idi. Parlament respublikasının idarəetmə qaydasına görə, Baş nazir qalib partiyanın lideri olmalı idi, lakin qərbi pakistanlılar bu vəziyyətlə razılaşmayıb, onun Baş nazir seçilməsinə imkan vermədilər.
Bu vaxt Mucibur Rəhman Şərqi Pakistanın ümumi dövlətdən ayrılıb, 1971-ci ildə Banqladeş Xalq Respublikası adı altında yeni dövlət yaratmaq vəzifəsini həyata keçirdi və 1972-ci il və yanvar 1975-ci illərdə Pakistanın Baş naziri, sonrakı 7 ay ərzində ölkənin prezidenti oldu. O, 1975-ci ildə hərbi çevriliş vaxtı öldürülmüşdü. Banqladeş yarım əsrdən artıq müddətdə müstəqil dövlət kimi fəaliyyət göstərir, lakin ölkə dünyanın ən kasıb ölkəsi olaraq qalır.
Təəssüf ki, 2025-ci ilin yazında Hindistanla Pakistan arasında yenidən müharibə tonqalı alovlanmağa başlamışdır. Nüvə silahına malik olan hər iki dövlət arasındakı silahlı münaqişə dünya üçün də böyük təhlükə mənbəyi ola bilər. Hər iki ölkədə mövcud olan millətçilik fəsadlar törətmələrinə son qoymaq istəmirlər. Hindistanın Baş naziri Nahendra Modi kəskin antimüsəlman mövqeyi ilə seçilir.
Pakistanda həm də əsasən hərbçilərin həyata keçirdiyi dövlət çevrilişləri siyasi həyatın adi halına çevrilmişdir. Generallar bu işdə xüsusilə fərqlənirdilər. Zülfüqar Əli Bhuttonun yaratdığı və ona başçılıq etdiyi Pakistan Xalq Partiyası seçkilərdə qalib gəldiyinə görə, o, 1971-1973-cü illərdə Pakistanın dövlət başçısı, 1973-1975-ci illərdə Baş naziri olmuşdu. 1974-cü ildə Hindistan atom bombasının ilk sınağını keçirdikdə o, Pakistanın nüvə silahına malik olmasını özü üçün müqəddəs vəzifə hesab etdi. Düşmən Hindistan atom bombasına malik olduğundan, Pakistan da özünü müdafiə etmək üçün cəbbəxanasında bu qırğın silahını görməli idi. Zülfüqar Bhutto hətta demişdi ki, pakistanlılar aclıqdan otlamağa başlasalar da, biz atom silahını əldə etməyə nail olmalıyıq. Bu vəzifə yalnız onun ölümündən sonra həyata keçirilə bildi, 1987-ci ildə Pakistanda atom bombası layihəsi uğurla başa çatdı. Pakistan ilk müsəlman dövləti idi ki, atom silahına yiyələnmişdi, bu hadisəni ərəb dövlətləri böyük sevinclə qarşıladılar.
Lakin 1977-ci ildə general Məhəmməd Ziya-ül Haqq hərbi qiyam qaldırıb, Bhuttonu vəzifədən qovmağa nail oldu və onu həbs etdi. Məhkəmə Zülfüqar Bhuttonun edam edilməsi hökmünü verdi, lakin o, bu hökmün icra ediləcəyinə inanmırdı. Çünki ABŞ və SSRİ daxil olmaqla, çox çayda dövlət onun əfv edilməsini xahiş etmişdi. Bhutto da onların təklifinin təsir gücünə ümid etdiyindən, ağır cəzalanmanın baş verəcəyinə heç cür inanmırdı. 1979-cu ildə onu həbsxanadan çıxarıb, boynuna kəndir salmaqla, sürüyüb eşafota gətirdilər və dar ağacından asdılar.
Ölkəsinə atom silahı verməyə çalışan bir dövlət xadimini məhz hərbçi generallar məhv etdilər.
Görünür, Bhutto ailəsi lənətlənmişdi, onun Oksfordda oxuyan qızı Benəzir özünü natiq kimi yetişdirmişdi. O, vətəninə qayıtdıqdan sonra, partiya yaradıb, seçkilərdə iştirak etdi və qalib gələrək, 1988-1990-cı illərdə Baş nazir oldu. Lakin ciddi səhvlərə yol verməsi iddiası ilə vəzifədən getməli oldu. İnadkarlığı ilə seçilən Benəzir Baş nazirlikdən getsə də, 1993-1996-cı illərdə yenidən bu vəzifəni tuta bildi. Müsəlman dünyasında Benazir Bhutto ilk Baş nazir olan qadın idi. Ondan sonra bu estafeti Türkiyənin Baş naziri olmuş Tansu Çillər öz əlinə götürdü. İndoneziyada isə, burada XX əsrin ortalarında, 1945-1967-ci illərdə ölkənin prezidenti olmuş Sukarnonun qızı sonralar hakimiyyətə gəldi.
Bir müddət sonra Benazir Bhutto yenidən siyasi fəaliyyətə qayıtdı və gur seçki kampaniyası aparmağa başladı. Onun yenidən qalib gələcəyinə böyük ümidlər bəslənirdi. Lakin 2007-ci ildəki seçkiqabağı mitinq başa çatdıqda, ona atılan atəş Benazir Bhuttonun həyatına son qoydu. O, atasının qətlinə görə hayıf almağa müvəffəq olsa da, özünü mühafizə edə bilmədi və qatilin qurbanı oldu.
Benazir Bhuttonun bədbəxtliyindən, onun siyasi fəaliyyətinə təkcə əri kölgə salmaqla kifayətlənmirdi, doğma qardaşı da onun uğuruna sevinmək əvəzinə, ona qarşı əsassız ittihamlar irəli sürürdü.
Benazir çox mübariz qadın olsa da, ona hücum edən qüvvələrə davam gətirə bilmirdi və axırda, 54 yaşında həyatla acı şəkildə vidalaşmalı oldu.
Bhutto ailəsi atanın və qızın şəxsində, onların faciələrinə görə, yəqin ki, lənətlənmişdi. Baş nazir olan ata hərbi çevriliş nəticəsində devrildikdən sonra edam edilmiş, qızı isə yenidən Baş nazir kürsüsünə iddia etdikdə qətlə yetirilmişdi. Görünür, siyasi fəaliyyət təkcə şöhrət gətirmir, bəzən gözlənilməyən fəlakətlə də yekunlaşmalı olur. Siyasətdə çox vaxt onun mürəkkəbliyindən yaxşı baş çıxaran, cəsarətli hərəkəti ilə çoxlarının təəccübünə səbəb olan adamlar uğur qazanırlar. Makiavelli elminə yaxşı yiyələnənlər, hakimiyyət piramidasının zirvəsinə qalxmaq nə qədər çətin olsa da, onu fəth etməyi bacarırlar. Edmund Hillari 1951-ci ildə ilk dəfə Everesti - Yer üzündəki dünyanın bu ən yüksək nöqtəsini fəth etmişdi.
Siyasətçilərə də alpinist cəsarəti və iradəsi lazımdır, bəzən şərait da onlara uğur qazanmaqda yaxşı köməklik göstərir. Siyasət, adamı şöhrətə çatdırsa da, onun həyatına ağır sınaqları əlavə etməklə, sakit aramını pozmuş olur. Buna isə hər adam dözə bilmir və kiçik bir səhvi onu, özündən asılı olmadan məhvə aparan faciəli yola istiqamətləndirir.
Lənətlənmiş bəzi tarixi şəxsiyyətlərin həyat və mübarizə yolunu müşahidə etdikdə, onların iflasının, süqutunun məhz haqsızlıqdan, ədalətsizlikdən xəbər verən öz əməllərinin labüd nəticəsi kimi meydana çıxdığı görünür. Adamlara zülm edənlər əsasən cəzasız qalmırlar. Onların həsəd aparılacaq həyatı az sonra cəhənnəm əzabları ilə, buna mənəvi və fiziki sarsıntılar da daxildir, dolmaqla, onlara özlərini düzgün aparmamalarının cavabı şəklində meydana çıxır. Lənət, insana qarşı böyük ədalətsizlik edənlərə ünvanlanır, onların məhvi barədəki arzulardan, əslində yalvarışlardan ibarət olur. Belə qənaətə gəlinir ki, haqsız əməl əsasən qisas şəklində olan məhvedici bir cavabla üzləşir və nəticə etibarilə, ədalət zəfər çalır.
SON
03.03.2025
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.