ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Elçin Aslangil yazır
Qarşı yatan qara dağım yüksəyi qardaş,
Axıntılı görklü suyum daşqını qardaş:
Mən sənə Dədə Qorqud dastanından "Basatın Təpəgözü öldürdüyü boy"dan yazıram.
Qardaşı Qıyan Səlcuq Təpəgözün əsiri olanda, yuxarıdakı misraları deyib, ağlamışdı Basat.
Güllələrinə sinə gərdiyimiz aynalı tüfəngləri düşmən əli tuşlamışdı ürəyimizə. Çanaqqalada ürəyimizi nişan alanlar, "Kələntər əmi"lər deyildi, Suriyanı, Liviyanı, İrakı yeraltı sərvətlərinə görə viran qoyanlar idi.
İndi fitnəsinə uydurduğu insanlar da, canımızdan qanımızdan olanda, "yapma, abi" deyə bilmirik...
Ağabəyimiz ağ atı minib gəlmişdi, Gəncə çöllərində "lalələr"i görmüşdük. Mən min il əvvəli də yaxşı xatırlayıram, yüz il əvvəli də.
Əminəm ki, "Abi"lərimiz də unutmayıb, Çanakkaladakı qardaşlığımızı...
O səngərlərdə bir-birinin həyatını qoruyan Azərbaycanlı və Türk əsgərləri vardı. Təkcə silahdaşlıq deyildi bu - bir ananın iki xınalı oğlu üçün dua idi, eyni inamla "Vətən" deyib şəhid olmaq idi.
Mən Azərbaycanla Türkiyə arasındakı qardaşlığa töhfə verən yüzlərlə fakt sadalaya bilərəm. Bakıdan Kahramanmaraşa, Gəncədən Van"a, Şuşadan Ərzuruma qədər uzanan saysız-səssiz yardımlar, dost əllər var bu tarixdə. Amma "sağ əlin verdiyini sol əl bilməməlidir" məsəli ilə sussam yaxşıdır. Çünki qardaşlıq göstərilmək üçün deyil, yaşanmaq üçün var.
Mənim niyyətim gözümü yumub ağzımı açmaq deyil, gözünüzü açmaqdır.
Bu gün istər Azərbaycanın, istərsə də Türkiyənin sosial media platformalarında məqsədli şəkildə yayılan manipulyativ informasiyalar var. Bu informasiyaları yayan bəzi mərkəzlər, bu coğrafiyanın damarına qədər işləyən birliyi zəhərləmək istəyirlər. Məqsəd aydındır: qardaşı qardaşa düşmən etmək.
Bunu anlamaq, bunu görmək bu qədərmi çətindir? Unudulmamalıdır ki, Azərbaycanla Türkiyə arasındakı bağ yalnız diplomatik sazişlərlə deyil, tarixlə, qanla, ruhla, dərdlə və sevgi ilə hörülüb. Bizim dostluğumuz bazarlıq deyil - bu, biz olduğumuz üçündür. Biz bir millət, iki dövlətik. Birimizin ayağına daş dəysə, o ağrı o birimizin qəlbində hiss olunar.
Bu birliyi pozmaq istəyənlər anlamalıdırlar: Biz sadəcə eyni dili danışan insanlar deyilik - biz eyni yuxunu görən, eyni sabaha inanan insanlarıq. Bizim aramıza atılmaq istənən hər fitnə, hər yalan, əslində, öz içində parçalanacaq. Çünki bu bağ, sadəcə siyasi deyil - bu, şəhidlərin qanı ilə yazılmış bir tarixdir.
Son zamanlar Türkiyədəki bəzi kəsimlərin Azərbaycan-İsrail münasibətlərini əldə bayraq edib, bu iki qardaş xalq arasında nifaq toxumu səpməyə çalışması, sadəcə siyasi bir manipulyasiya deyil - bu, qardaşı qardaşdan ayırmaq cəhdidir, bu, təkcə coğrafiyamıza deyil, ruhumuza da atılan bir zəhərdir.
Azərbaycanın İsraillə olan münasibətləri açıq və rəsmi şəkildə qurulmuş diplomatik əlaqələrdir. Lakin bəzi dairələr bu əlaqəni sanki qardaşlığa xəyanət kimi təqdim etməyə çalışırlar. Halbuki bu, tamamilə əsassız və zərərli bir yanaşmadır.
Azərbaycanla Türkiyənin münasibətləri yalnız qardaşlıq deyildir - bu münasibətlər dövlətlər səviyyəsində qarşılıqlı fayda, investisiya, enerji və təhlükəsizlik sahələrində də örnək bir modeldir.
Faktlara baxaq:
Azərbaycan, Türkiyəyə ən çox sərmayə yatıran 10 ölkədən biridir. Bu günə qədər Azərbaycanın Türkiyəyə yatırdığı birbaşa investisiyalar 20 milyard dolları keçib. Bu sərmayələr təkcə neft və qaz sahəsində deyil, logistika, bank sektoru, telekommunikasiya, turizm və sənaye sahələrində də davam edir.
Azərbaycan Dövlət Neft Şirkəti SOCAR, Türkiyədəki ən böyük xarici sərmayədarlardan biridir. Təkcə STAR Neft Emalı Zavoduna yatırılan məbləğ 6.3 milyard dollardır. Bu zavod təkcə iqtisadi baxımdan deyil, Türkiyənin enerji təhlükəsizliyi baxımından da strateji əhəmiyyətə malikdir.
TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi ilə Azərbaycan qazı Türkiyə üzərindən Avropaya nəql olunur. Bu layihə həm Türkiyənin enerji təhlükəsizliyinə xidmət edir, həm də Avropa üçün alternativ enerji mənbəyi rolunu oynayır.
Eyni zamanda Türkiyə şirkətləri də Azərbaycanda yüzlərlə layihəyə imza atıblar. İnşaat, kənd təsərrüfatı, təhsil, xidmət və səhiyyə sahələrində 15 mindən çox Türkiyə şirkəti Azərbaycan bazarında aktiv şəkildə fəaliyyət göstərir.
Bütün bunlar qardaşlığın təkcə mənəvi dəyərlərlə yox, bu gün də canlı olduğunu, və bu münasibətlərin hər iki tərəf üçün həyati əhəmiyyət daşıdığını göstərir.
Bizim gücümüz birliyimizdədir. Bunu düşmən də, dost da bilir. Lakin bizim diriliyimizdən bixəbər olanlar anlamırlar ki, bu birlik güclü əsaslarla formalaşıb.
Azərbaycan-İsrail münasibətlərinə görə qardaşlığımızı müzakirəyə çıxarmaq kimi mənfur bir planın kimlərin yastığının altından çıxdığını çox yaxşı bilirik.
And olsun Atatürkün küffarı İzmirdən dənizə tökməsinə, and olsun Ak anaya, and olsun Metexanın qəzəbimizi fısıldayan oxlarına, niyyətiniz öz başınızda çartlayacaq!
Qarşı yatan qara dağım yüksəyi qardaş,
Axıntılı görklü suyum daşqını qardaş,
Su yatar, düşmən yatmaz.
Ayatam bir nağıl dedi, qızıl alma gördük yuxumuzda. Fərman padişahın, dağlar bizimdir!
Bizimdir, bizimdir, o yerlər də bizimdir...

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.