AZ

Əliyevlə Ərdoğan İran-İsrail müharibəsini həll etməyə çalışır...


Azər Həsrət: "İsrail tərəfi Azərbaycanı istənilən vəziyyətdə dinləməyə hazırdır"

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan İran-İsrail məsələsini müzakirə ediblər.

Telefon söhbəti zamanı İran İslam Respublikası və İsrail Dövləti arasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub. Dövlət başçıları gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini qeyd edərək, məsələlərin danışıqlar yolu ilə həllinin önəmini vurğulayıblar.

Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin gündəliyinə dair məsələlər barədə fikir mübadiləsi aparıblar.

İki dövlət başçısının belə müzakirələrinın müharibənin gedişini dəyişmək yönündə nə kimi faydası ola bilər?

Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a bildirdi ki, Azərbaycanın İsrail dövləti ilə yaxın və yetərincə etibarlı münasibətlərinin olmasını nəzərə alsaq, əlbəttə, işıq ucu görünür: "Çox təəssüflər olsun ki, qardaş Türkiyə ilə İsrailin münasibətləri gərgindir. Eyni zamanda, İranın özünün də Türkiyə ilə münadibətləri göz önündədir. Azərbaycan dövləti və onun prezidenti İlham Əliyev şəxsən özü İsrailllə danışıb anlaşa bilən bir liderdir. Mən düşünürəm ki, prezident İlham Əliyevə qardaş Türkiyə cumhurbaşqanının zəng etməsi, ümumiyyətlə, onların danışıqlar aparması hazırda davam edən müharibədən qaynaqlanır. Görünür, qardaş Türkiyənin cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da bu gerçəyi nəzərə alır ki, İsrail dövlətinə indiki şəraitdə yalnız Azərbaycan prezidenti yaxşı mənada təsir edə bilər.

Əlbəttə, biz qonşuluğumuzda müharibə istəmərik, bunun tezliklə bitməsinin marağındayıq. Üstəlik, İranla İsrail arasında vasitəçilik edə biləcək ən uyğun dövlət elə məhz Azərbaycandır. Eyni zamanda, bu işin önündə gedəcək lider də İlham Əliyevdir. Yəni İsrail tərəfdən problem görmürəm, İranı idarə edənlər də Azərbaycan prezidentini dinləyə biləcək iradəyə sahib olsalar, düşünürəm ki, məsələni çox qısa müddətə həll etmək mümkün olacaq. Ən azından qarşılıqlı hücumları dayandırmaq mümkündür. Yox, əgər İran rəhbərliyi Azərbaycan prezidentinin xoş məramını dinləyə biləcək iradəyə sahib deyilsə, əlbəttə, müharibə daha da uzanacaq. Çunki İsrail tərəfi həqiqətən də Azərbaycan prezidentinin sözünə güvənir və ona etimad göstərir, etibar edir. Yəni Azərbaycan vasitəçilik edəcəyi təqdirdə bu məsələ mütləq həllini tapacaq. İsrail üçün bu problem deyil. Problem yalnız İrandan qaynaqlana bilər. Bundan əlavə, Azərbaycanın İsraillə bu yöndə apardığı uğurlu və bənzər təcrübə var. Xatırlayırsınızsa, qardaş Türkiyə ilə İsrail arasında münasibətlərin gərgin olduğu dövrdə Azərbaycanın vasitəçiliyi ilə Türkiyə-İsrail munasibətləri yetərincə normal məcraya salınmışdı. Hətta İsrail prezidenti Türkiyəyə rəsmi səfər də etmişdi. Sadəcə olaraq, daha sonra HƏMAS-İsrail müharibəsi başlandı və bundan sonra yenidən bu iki ölkə arasında münasibətlər gərginləşdi. Ona görə də düşünürəm ki, İsrail tərəfi Azərbaycanı istənilən vəziyyətdə dinləməyə hazırdır".

Akif NƏSİRLİ

Seçilən
4
baki-xeber.com

1Mənbələr