51 yaşlı italyan mütəxəssis Filippo İnzaqi İtaliya B Seriyasının təmsilçisi “Palermo”nun baş məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az bu barədə “Palermo”nun mətbuat xidmətinə istinadən məlumat verir.
“Pippo” “qartallar”ın sükanı arxasına iyul ayının 1-də rəsmən keçəcək. İnzaqinin “Palermo” ilə uzunmüddətli müqavilə imzaladığı bildirilir, amma müqavilə müddəti açıqlanmır.
Xatırladaq ki, daha əvvəl İnzaqi “Piza”nın sükanı arxasında bir il keçirmiş və “Qüllə”nin İtaliya A Seriyasının növbəti mövsümündə iştirakını təmin etmişdi.
Filippo İnzaqi əvvəllər “Milan”, “Venesiya”, “Bolonya”, “Benevento”, “Breşiya”, “Recina” və “Salernitana”nı çalışdırıb.
“Palermo” geridə qalmış 2024/2025-ci illər mövsümündə digər italiyalı mütəxəssis Alessio Dionisinin rəhbərliyi altında çıxış edib. Sözügedən komanda mövsümü 52 xalla 8-ci yerdə bitirib və pley-offa vəsiqə qazanıb. Amma 1/4 finalda “Yuve Stabiya”ya 0:1 hesabıyla uduzmuş “Palermo” A Seriyasına çıxmaq şansını itirib.