AZ

Beynimiz xəyalla reallığı ayırd edə bilmir?

Beynimiz bəzən gerçəklə xəyalı ayırmaqda çətinlik çəkə bilər. ABŞ-də aparılan yeni bir elmi araşdırma bu mövzuya fərqli yanaşma təqdim edib.

Milli.Az xəbər verir ki, alimlər beynimizdəki bəzi hissələrin həm real görüntü zamanı, həm də təsəvvür edərkən aktiv olduğunu müəyyənləşdiriblər. Əsas diqqət beyində fusiform girus adlanan sahəyə yönəlib. Bu bölgə həm gördüyümüz, həm də təsəvvür etdiyimiz şəkillərdə işə düşür. Lakin burada fərq siqnalın gücündədir: əgər bu sahəyə zəif impulslar gedirsə, beyin bunun xəyal olduğunu düşünür, güclü siqnallar isə görüntünü gerçək kimi qəbul etməsinə səbəb olur.

Araşdırma zamanı iştirakçılara bəzən qısa müddətə xətt şəkilləri göstərilib, bəzən isə heç bir görüntü təqdim edilmədən onlardan bu cür xətləri təsəvvür etmələri istənilib.

Elm adamları bu prosesi fMRI texnologiyası vasitəsilə izləyiblər. Onlar müəyyən ediblər ki, fusiform girus hər iki halda aktiv olsa da, beyin yalnız yüksək siqnal aldıqda "bəli, bu realdır" qərarına gəlir. Maraqlısı budur ki, bu qərarın verilməsində anterior insula adlanan beyin hissəsi də iştirak edir. Bu hissə fusiform girusdan gələn məlumatı analiz edərək, görüntünün real olub-olmadığına qərar verir.

Araşdırmanın əsas çatışmazlığı ondadır ki, hələlik yalnız sadə şəkillər üzərində test edilib. Alimlər gələcək mərhələdə daha mürəkkəb vizual elementlərlə - məsələn, üz cizgiləri, əşyalar və heyvanlarla - təcrübələr aparmağı planlaşdırırlar.

Neyroloq Tomas Peys bu mövzu ilə bağlı bildirib ki, bu nəticə beyin fəaliyyətini və halüsinasiyaların necə baş verdiyini anlamaqda mühüm ipucu verə bilər. Onun fikrincə, beyin bəzən sadəcə siqnalın gücünə baxaraq bir görüntünü gerçək qəbul edə bilir.

Milli.Az

Seçilən
8
2
milli.az

3Mənbələr