Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Qalatasaray" Hakan Çalhanoğlunun transferi ilə bağlı danışıqlara başlayıb.
İdman.biz xəbər verir ki, bu barədə "Beinsports" məlumat yayıb.
“İnter”in təcrübəli yarımmüdafiəçisinin "sarı-qırmızılar"a keçidə razı olduğu bildirilib. Futbolçu ilə görüş müsbət yekunlaşsa da, İtaliya təmsilçisi ilə danışıqlar hələ ki, nəticəsiz qalıb. Buna səbəb kimi “İnter”in yüksək gəlir gözləntilərinin olması göstərilib.
Qeyd edək ki, italiyalılarla 2027-ci ilin yayına qədər müqaviləsi olan 31 yaşlı oyunçu başa çatan mövsümdə 47 matça çıxıb və 11 qola, 8 məhsuldar ötürməyə imza atıb.
İdman.biz