TBİLİSİ, 17 iyun. TELEQRAF
Rusiya bayrağını təhqir etmiş müğənni Erekle Qetsadzeyə cinayət işi açılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Gürcü ifaçının cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Rusiyanın Daxili İşlər Nazirliyinə ölkənin Atalar şurasının rəhbəri Andrey Zqonnikov müraciət edib. E.Qetsadzeyə qarşı cinayət işi Rusiya Federasiyasının dövlət rəmzinin təhqir olunması maddəsi üzrə qaldırılıb.
Xatırladaq ki, E.Qetsadze Rusiya bayrağına qarşı təhqiramiz hərəkətə mayın 24-də “Tbilisi Open Air” musiqi festivalında çıxışı zamanı yol verib. İnsidenti şərh edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze ifaçının hərəkətini mədəniyyətsizlik adlandırmışdı.