Bu bombalar ABŞ-nin məşhur təyyarə istehsalçısı “Boeing” tərəfindən hazırlanıb. O, partlamadan əvvəl torpaq qatının 61 metr dərinliyinə və ya 19 metrə qədər dəmir-betona nüfuz etməyə qadirdir. 2007-ci ildə İranın və KXDR-in yeraltı istehkamlarını məhv etmək üçün hazırlanan 20 ədəd GBU-57 bombaları 2011-ci ilin noyabrında ABŞ Hərbi Hava Qüvvələrinə verilib.

Sonradan Pentaqon GBU-57-nin bu məqsədlər üçün kifayət qədər güclü olmadığını etiraf edib və 2013-cü ilin yanvarında GBU-57 bombalarının modernləşdirilməsinə başlanıb. Sursatın təkmilləşdirilməsinə sərf olunan vəsait nəzərə alınmaqla inkişaf proqramının ümumi dəyəri təxminən 400 milyon dollar təşkil edib. ABŞ administrasiyası hazırda Tehranın nüvə proqramı üzrə danışıqlarda İran hakimiyyətinə təzyiq rıçaqı kimi bunker əleyhinə bombalarının İsrailə ötürülməsi imkanını nəzərdən keçirdiyi də məlumdur. Hazırda ABŞ-yə məxsus iki aviadaşıyıcı zərbə qruplaşması, onlarla yanacaqdaşıyan təyyarə İrana yaxınlaşır.
Bu isə 100-dən müasir F-35 qırıcı təyyarə, minlərlə “Tomoqavk” qanadlı raketləri, masir HHM kompleksləri deməkdir. Belə bir qruplaşmanın tərkibinə ABŞ-ın Avropada, Yaxın Şərqdə və Ərəbistan yarımadasında mövcud olan hərbi potensialını və Trampın son “Tehranı boşaldın” bəyanatını da əlavə etsək, İranın yaxın 2-3 gündə vəziyyəti kritik həddə çatacağı şübhəsizdir.

Belə bir vəziyyətdə ABŞ-ın bunker əleyhinə bombaları İsrailə verəcəyi gözlənilir. ABŞ daha ağır və daha səmərəli olan GBU-72 bombalarına da malikdir, lakin onları hədəfə atmaq üçün B-2 tipli ağır bombarbardmançı təyyarələrə ehtiyac var ki, bu təyyarələr də İsraildə mövcud deyil.
Odur ki, İsrailin GBU-57 bombasını əldə etməsi daha məqsədəuyğundur. Digər tərəfdən isə 2018-ci ilə qədər növbəti modernləşdirilməsi həyata keçirilən GBU-57 bombalarının xüsusiyyətləri daha dərində yerləşən hədəfləri vurmaq üçün artırılıb.Böyük ehtimalla yaxın gələcəkdə bu bombaların real müharibə şəraitində istifadəsini izləmək imkanımız olacaq.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az