Bakı, 17 iyun, AZƏRTAC
17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Qərbi Azərbaycan İcmasında İcmanın Qadınlar Şurasının təşkilatçılığı ilə “Sərhədsiz Şəfqət” mövzusunda tədbir olub.
Qərbi Azərbaycan İcmasından AZƏRTAC-a verilən məlumata görə, tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Daha sonra Qərbi Azərbaycan İcmasının, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, Universal Hospitalın və digər səhiyyə müəssisələrinin birgə təşkilatçılığı ilə 1987–1991-ci illərdə indiki Ermənistan ərazisindən zorla çıxarılan Qərbi azərbaycanlıların kompakt məskunlaşdığı Yaşma qəsəbəsi və Tərtər rayonunun Bəyimsarov kəndində keçirilmiş humanitar tibbi aksiyalara həsr olunmuş videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış ideyasının məqsəd və məramından danışıb, onun humanitar yönləri haqqında fikirlərini bölüşüb.
Tədbirin moderatoru, İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tibb işçilərinin cəmiyyətin sağlam gələcəyi naminə göstərdikləri fədakarlığı vurğulayıb.
Əsas məruzə ilə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Mərkəzi Klinikanın baş direktoru professor Kamran Musayev Azərbaycan səhiyyəsinin inkişafında Qərbi Azərbaycanəsilli görkəmli alimlərin – Mustafa Topçubaşov, Əziz Əliyev, Şamama Ələsgərova, Zərifə Əliyeva, İbrahim Topçubaşov və digərlərinin roluna diqqət çəkib.
Tədbirdə səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelya Veyisova, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov çıxış edərək ölkəmizin səhiyyə sahəsindəki inkişaf tendensiyaları və perspektivləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində həyata keçirilən uğurlu islahatlar haqqında ətraflı məlumat veriblər.
Tədbirin sonunda Qərbi Azərbaycan İcması tərəfindən təşkil olunan humanitar tibbi layihələr çərçivəsində Yaşma qəsəbəsində və Tərtər rayonunda keçirilmiş aksiyalarda iştirak edən tibb işçilərinə İcma adından Fəxri fərmanlar təqdim olunub.
Sonda səhiyyə sahəsində fəaliyyət göstərən bütün tibb işçilərinə minnətdarlıq ifadə olunub və Qərbi Azərbaycan İcması tərəfindən bu istiqamətdə layihələrin gələcəkdə də davam etdiriləcəyi qeyd edilib.