Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan cüdo üzrə dünya çempionatında beşinci günü arxada qalıb.
Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycanın iki təmsilçisi - Vüqar Talıbov və Elcan Hacıyev (hər ikis 90 kq) qüvvəsini sınayıb.
V.Talıbov elə ilk görüşdə, 1/32 finalda dünya çempionu gürcüstanlı Luka Maysuradzeyə uduzaraq mübarizəni dayandırıb.
Yarışa 1/16 final mərhələsindən başlayan Elcan isə qələbələri sıralamağı bacarıb. O, ardıcıllıqla Nurbek Murtozoyev (Özbəkistan), Pen-Yu Çen (Çin Taypeyi) və Adam Kopetskini (Çexiya) məğlub edib. Həmvətənimizin finala gedən yolunu yaponiyalı Goki Tacima kəsib.
Buna baxmayaraq, Hacıyev 3-cü yer uğrunda görüşdə Estoniya idmançısı Klen Kristofer Kaljulaidə qalib gələrək bürünc medala layiq görülüb.
Bu, Azərbaycan yığmasının dünya çempionatında ikinci medalı olub. Dünən 81 kq çəki dərəcəsində bacarığını göstərən Zelim Tçkayev də brünc medal qazanmışdı.
Sabah olimpiya çempionu Zelim Kotsoyev (100 kq), iyunun 19-da, yəni dnya çempionatının son günündə Uşanqi Kokauri (+100 kq) tatami üzərinə çıxacaq.