AZ

Azərbaycanlıların dərman xərcləri 30 faiz artıb - 3 səbəbdən hansıdır?


Pərvanə Mustafayeva: “Son illər ölkədə əhalinin alıcılıq qabiliyyətinin artması nəticəsində insanlar sağlamlığa daha diqqətlə yanaşmağa və pul xərcləməyə başlayıb”

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçılara 598,1 milyon manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimat satılıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,6% təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23,341 milyard manatlıq, o cümlədən 13,073 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,267 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Açıqlanan statistik məlumatlardan da bəlli olur ki, əhalinin dərman xərcləri artıb. Görəsən, dərman xərclərinin artmasının səbəbi xəstəliklərin artması ilə bağlıdır? Dərman çox işlədirik, inflyasiyaya görə belədir, yoxsa əhalinin sayı artır deyə xəstəliklər də artır?

“Tək adi soyuqdəymə deyil, bütün xəstəliklərin statiktikasında artım var, bu səbəbdən də əhalinin dərmana olan tələbatı artıb”

Həkim Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son illər ölkədə əhalinin alıcılıq qabiliyyətinin artması nəticəsində insanlar sağlamlığa daha diqqətlə yanaşmağa və pul xərcləməyə başlayıb: “Hesablamalara görə, təkcə son 1 ildə bu sahədə 20-30 faiz artım qeydə alınıb. İnsanlar daha aktiv həyat tərzinə keçdiyinə görə hazır dərmanlara, o cümlədən avtomobildə istifadə oluna bilən, eləcə də çantada və cibdə gəzdirilə bilən formalarına tələbat artıb. Ümumiyyətlə, Azərbaycanda insanlar xərclədikləri vəsaitin 50 faizini ərzaq məhsullarına, təqribən 10 faizini dərman preparatlarına, 10-15 faizini isə kommunal xidmətlərə xərcləyir. Bu göstəricilər ürəkaçan deyil, çünki inkişaf etmiş ölkələrdə insanlar gəlirlərinin 10-15 faizdən çoxunu ərzağa xərcləmir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, COVİD-dən sonra əhalinin dərmana olan tələbatı artıb: “İnsanlar tez-tez xəstələnir. Bu səbəbdən də vətəndaşlar immunitetini güclü saxlamaq üçün müxtəlif növ vitaminlərdən istifadə edir. Ancaq qeyd etdiyim kimi, ötən illərlə müqayisədə xəstəliklərin sayı artıb. Tək adi soyuqdəymə deyil, bütün xəstəliklərin statiktikasında artım var. Bu səbəbdən də əhalinin dərmana olan tələbatı artıb”.

Günel CƏLİLOVA

Seçilən
6
baki-xeber.com

1Mənbələr